Şahin Bayramov: Qarabağ Universitetinin fəaliyyəti müstəqil dövlətimizin qüdrətinin mühüm göstəricisidir
Bu gün Müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 108-ci ildönümünü və Müstəqillik Gününü böyük qürur və sonsuz fəxarət hissi ilə qeyd edirik. Bu əlamətdar günü tam suverenliyi və ərazi bütövlüyü təmin olunmuş Azərbaycanın vətəndaşları olaraq qarşılamaq hər birimiz üçün xüsusi mənəvi dəyər daşıyır. Bu, xalqımızın əsrlər boyu yaşatdığı azadlıq iradəsinin, milli ruhunun və dövlətçilik ənənələrinin tarixi təntənəsidir.
"Azərbaycan müəllimi" xəbər verir ki, bu fikirlər Qarabağ Universitetinin rektoru Şahin Bayramovun Müstəqillik Günü ilə bağlı təqdim etdiyi yazıda yer alıb. Yazını təqdim edirik.
1918-ci il mayın 28-də əsası qoyulan Azərbaycan Xalq Cümhuriyyəti qısa müddətdə milli dövlətçilik tariximizin ən parlaq səhifələrindən birinə çevrildi. Cümhuriyyətin demokratik idarəçilik prinsipləri, milli maraqlara əsaslanan dövlətçilik yanaşması və müasir inkişaf düşüncəsi xalqımızın azadlıq iradəsini daha da gücləndirərək milli müstəqillik ideyalarının gələcək nəsillərin yaddaşında və düşüncəsində yaşamasını təmin etdi. Məhz Ümummilli Lider Heydər Əliyevin uzaqgörən və qətiyyətli siyasəti nəticəsində Azərbaycanın müstəqilliyinin əbədiləşdirilməsi reallığa çevrildi. Ulu Öndərimizin milli maraqları, Azərbaycan vətəndaşının rifahını və dövlətçiliyin qorunmasını ön plana çəkən uzunmüddətli inkişaf strategiyası ölkəmizin davamlı və hərtərəfli tərəqqisinin əsasını təşkil etdi. Bu siyasi kurs Prezident İlham Əliyev tərəfindən müasir çağırışlara uyğun şəkildə uğurla davam etdirilərək Azərbaycanı regionun qüdrətli və söz sahibi olan dövlətinə çevirdi. Qalib Liderimizin dövlətçiliyin daha da möhkəmləndirilməsinə xidmət edən strateji yanaşması, qlobal miqyasda qəbul edilən diplomatik uğur modeli və Ali Baş Komandan kimi həyata keçirdiyi tarixi missiya nəticəsində ölkəmizin beynəlxalq nüfuzu daha da gücləndi, ərazi bütövlüyümüz və suverenliyimiz tam bərpa olundu.
Bu gün doğma Qarabağımızın adını daşıyan ali təhsil müəssisəsinin işğaldan azad edilmiş torpaqlarda fəaliyyət göstərməsi müstəqil dövlətimizin qüdrətinin, xalqımızın sarsılmaz iradəsinin və tarixi ədalətin təntənəsinin mühüm göstəricilərindən biridir. Vaxtilə işğal və dağıntılarla üz-üzə qalan Qarabağ və Şərqi Zəngəzur torpaqlarında bu gün həyatın, inkişafın, elm və təhsilin yenidən bərqərar olması Azərbaycanın qazandığı tarixi Zəfərin ən böyük mənəvi nəticələrindəndir. Tarixi və əzəli yurdlarımızdan biri olan Xankəndi şəhərində fəaliyyət göstərən Qarabağ Universitetində hazırda 2200-ə yaxın tələbənin təhsil alması və 400-dən artıq əməkdaşın çalışması Qarabağda əbədi və dönməz varlığımızın, dövlətimizin gücünün və gələcəyə olan inamının bariz ifadəsidir. Bu gün Qarabağ Universitetində auditoriyalarda səslənən hər bir fikir, həyata keçirilən hər bir elmi fəaliyyət, yetişən hər bir gənc mütəxəssis doğma torpaqlarımızın dirçəlişinin canlı təcəssümünə çevrilir.
Qarabağ Universiteti olaraq inanırıq ki, müstəqilliyimizin əbədi olması yalnız hərbi və siyasi qələbələrlə deyil, eyni zamanda güclü insan kapitalının formalaşdırılması, müasir bilik və bacarıqlara malik yeni nəslin yetişdirilməsi ilə mümkündür. Dövlətimizin həyata keçirdiyi məqsədyönlü siyasət insan kapitalının davamlı inkişafını, elm və təhsilin gücləndirilməsini, milli dəyərlərə bağlı, yüksək intellektual potensiala malik gənclərin formalaşdırılmasını strateji prioritet kimi müəyyənləşdirib. Məhz bu siyasətin nəticəsidir ki, bu gün Azərbaycan həm də inkişafını insan potensialı üzərində quran müasir dövlət modelini uğurla nümayiş etdirir. Universitetimizin əsas missiyası da məhz müstəqil Azərbaycanı daha da gücləndirəcək, ölkəmizin davamlı inkişafına töhfə verəcək yeni nəslin yetişdirilməsinə xidmət etməkdir. Biz yalnız peşəkar kadr hazırlığını deyil, eyni zamanda milli düşüncəyə, dövlətçilik ənənələrinə və yüksək mənəvi dəyərlərə sahib vətəndaş formalaşdırılmasını əsas məqsəd hesab edirik. Qarabağ Universiteti gənclərə sadəcə ixtisas bilikləri qazandıran təhsil müəssisəsi deyil, həm də milli kimliyi, vətənpərvərlik ruhunu, müstəqillik düşüncəsini və dövlətçilik şüurunu ötürən mənəvi mərkəzdir. Biz tariximizi və keçdiyimiz mürəkkəb inkişaf yolunu dərindən bilən, Ümummilli Lider Heydər Əliyevin zəngin ideyalarına sadiq olan, Qalib Liderimizin ətrafında sıx birləşən, Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik irsini yüksək qiymətləndirən, müstəqil Azərbaycanı ən ali dəyər hesab edən, şəhidlərimizin əziz xatirəsinə daim böyük ehtiramla yanaşan vətənpərvər gənclər yetişdirməyi qarşıya əsas vəzifə kimi qoymuşuq. Çünki məhz belə gənclər Azərbaycanın gələcək inkişafının, dövlətimizin davamlı qüdrətinin və milli birliyimizin əsas təminatıdır. Eyni zamanda, tələbələrimizin seçdikləri ixtisaslar üzrə peşəkar mütəxəssislər kimi formalaşması, müasir dünyanın çağırışlarına cavab verən bilik və bacarıqlara yiyələnməsi, müstəqil Azərbaycanı qlobal elm məkanında, beynəlxalq bilik yarışmalarında, innovasiya və texnologiya platformalarında yüksək səviyyədə təmsil etməsi bizim üçün xüsusi əhəmiyyət daşıyır. İnanırıq ki, Qarabağ Universitetində yetişən gənclər gələcəkdə ölkəmizin sosial-iqtisadi inkişafına, beynəlxalq nüfuzunun daha da artmasına, elmi-intellektual potensialının gücləndirilməsinə və milli-mənəvi dəyərlərimizin qorunmasına mühüm töhfələr verəcəklər.
Əminik ki, Qarabağ Universitetində formalaşan yeni nəsil gələcəyin daha güclü, daha innovativ və daha rəqabətqabiliyyətli Azərbaycanı naminə quruculuq proseslərində fəal rol oynayacaqlar. Tarixi Zəfərin qazanıldığı məkanda yaşayan, təhsil alan və çalışan bu gənclər ölkəmizin müstəqilliyini, suverenliyini, dövlətçilik ənənələrini və milli dəyərlərini daim uca tutacaq, xalqımızın şanlı tarixini gələcək nəsillərə böyük qürur hissi ilə çatdıracaqlar. Qarabağ Universiteti ailəsi üzvləri olaraq əlamətdar tarixi gündə bir daha müstəqil Azərbaycanın memarı Ümummilli Lider Heydər Əliyevi, Azərbaycan Xalq Cümhuriyyətinin qurucularını, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən qəhrəman şəhidlərimizi dərin ehtiram və sonsuz minnətdarlıqla anırıq. Onların müqəddəs xatirəsi qəlbimizdə daim yaşayacaq, müstəqilliyimizin qorunması və dövlətimizin daha da qüdrətlənməsi yolunda bizə hər zaman mənəvi dayaq olacaq.
Müstəqillik Günümüz mübarək!



