SDU “I Beynəlxalq maliyyə, mühasibat, audit və rəqəmsallaşma” simpoziumuna ev sahibliyi edib
Noyabrın 12-də Sumqayıt Dövlət Universitetində “I Beynəlxalq maliyyə, mühasibat, audit və rəqəmsallaşma” simpoziumu keçirilib.
Tədbir SİNAM şirkətinin baş sponsorluğu, Sumqayıt Dövlət Universiteti, Bursa Uludağ Universiteti, Xəzər Universiteti, Azərbaycan Respublikası Auditorlar Palatası, KOBİA, Azərbaycan Sahibkarlar Konfederasiyası(ASK), Türkiyə Cümhuriyyəti İctimai Nəzarət, Mühasibat və Audit Standartları Qurumu (KGK), MÜSİAD Azərbaycan, İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin (İATM) təşkilatçılğı ilə baş tutub.
Simpoziumda Türkiyə və digər türkdilli ölkələrin 30-dan çox nüfuzlu universitetindən nümayəndələr, eləcə də iqtisadiyyat, maliyyə və rəqəmsallaşma sahəsində fəaliyyət göstərən mütəxəssislər iştirak ediblər.
Simpozium Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca Qarabağ mövzusunda qısa videoçarx nümayiş olunub.
Tədbiri giriş sözü ilə universitetin rektoru vəzifəsini icra edən, AMEA-nın müxbir üzvü, professor Əminağa Sadıqov açaraq qonaqları və iştirakçıları salamlayıb. O, simpoziumun ölkəmizdə 12 Noyabr-Konstitusiya Gününə təsadüf etdiyini qeyd edərək bütün iştirakçıları bu münasibətlə təbrik edib. Ulu Öndər Heydər Əliyevin bilavasitə iştirakı ilə qəbul edilən Konstitusiya aktının tarixi əhəmiyyətindən bəhs edib, onun dövlətçiliyimizin möhkəmlənməsində və hüquqi əsasların formalaşmasında mühüm rol oynadığını vurğulayıb. Əminağa Sadıqov qısa müddət ərzində ölkəmizdə, xüsusilə də iqtisadiyyat sahəsində əldə olunan nailiyyətlərdən danışaraq, bu uğurların sistemli islahatların nəticəsi olduğunu diqqətə çatdırıb. O, həmçinin dünən baş vermiş Türkiyəyə məxsus “C130” hərbi yük təyyarəsinin qəzaya uğraması ilə bağlı həlak olanların ailələrinə və qardaş Türkiyə xalqına dərin hüznlə başsağlığı verib.
Əminağa Sadıqov çıxışında qardaş Türkiyə ilə möhkəm dostluq və əməkdaşlıq münasibətlərinin yeni çağırışlar üçün geniş imkanlar yaratdığını bildirib. Xüsusilə maliyyə, mühasibat və audit sahələrində rəqəmsallaşma, süni intellekt və verilənlər bazasının idarə edilməsi kimi istiqamətlərin bu gün üçün ən aktual məsələlərdən olduğunu vurğulayıb.
O, bu cür beynəlxalq simpoziumların keçirilməsinin universitetin elmi nüfuzunun yüksəlməsinə, elmi-tədqiqat fəaliyyətinin genişlənməsinə və regional əməkdaşlığın dərinləşməsinə mühüm töhfə verdiyini qeyd edərək, simpoziumun işini açıq elan edib və tədbirin gedişinə uğurlar arzulayıb.
Millət vəkili Tahir Mirkişili çıxış edərək qeyd edib ki, müasir dövrdə, rəqəmsallaşma və innovasiyalar əsrində iqtisadiyyatda yeni çağırışlar meydana çıxır. Rəqəmsal iqtisadiyyat dəyərliliyi, şəffaflığı və səmərəliliyi ön plana çıxarır, maliyyə isə artıq sərhəd tanımır. Tahir Mirkişili vurğulayıb ki, maliyyənin əsas obyektləri pul və məlumatlardır, bu isə informasiya təhlükəsizliyinin və düzgün idarəetmənin əhəmiyyətini daha da artırır. O əlavə edib ki, mühasibat uçotu iqtisadiyyatın “dili” hesab olunur və bu sahədə süni intellektin, rəqəmsal texnologiyaların tətbiqi müasir dövrün tələbidir.
Millət vəkili çıxışının sonunda innovasiya və texnologiyanın öyrənilməsinin müasir dövrdə mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.
Türkiyənin Azərbaycandakı səfirliyinin baş ticarət müşaviri Murat Yaman isə iki ölkə arasındakı əməkdaşlıqdan və ortaq hədəflərdən danışıb.
Bursa Uludağ Universitetinin prorektoru, professor Zekeriyya ARI, İqtisadiyyat Nazirliyinin tebeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) İdarə Heyəti sədrinin müavini Rüfət Atakişiyev, Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov, Türkiyə Respublikası, KGK-nın 2-ci sədri Hayrettin Kurt, Auditorlar Palatasının icraçı direktoru Səbuhi Gülməmmədov, MUSİAD Azərbaycan Təşkilatının İdarə Heyətinin sədri Rəşad Cabirli, SİNAM şirkətinin direktoru Əbülfət Rəhmanov, Elm və Təhsil Nazirliyinin Baş məsləhətçisi Osman Hacıyev, İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin rəhbəri Radil Fətullayev çıxış edərək simpoziumun elmi və praktik əhəmiyyətindən danışıblar. Qeyd edilib ki, bu beynəlxalq tədbir mühasibat, maliyyə, audit və rəqəmsallaşma sahəsində müasir çağırışların müzakirəsi, elmi biliklərin inteqrasiyası və yeni əməkdaşlıq imkanlarının formalaşması baxımından böyük önəm daşıyır.
Simpozium öz işini “Türk dünyasında mühasibat uçotu və audit sahəsində yeni trendlər və çağırışlar”, “Peşəkar mühasiblərin və auditorların yetişdirilməsi üzrə dünya təcrübəsi”, “Mühasibat və audit sahəsində beynəlxalq və milli standartların tətbiqi”, “Mühasibatlıq və auditdə rəqəmsallaşmanın və süni intellektin tətbiqi: yerli və beynəlxalq proqramların qarşılaşdırılması – 1”, “MHBS və audit standartlarında edilən son dəyişikliklər və biznesdə yaranan yeni maliyyə alətləri – 1”, “Vergi qanunvericiliyində 2025-ci ildə edilmiş dəyişikliklərin tətbiqinin vəziyyyəti və 2026-cı ildə gözlənilən dəyişikliklər” adlı bölmələr üzrə davam etdirib.
Bölmə iclaslarında məruzə ilə çıxış edən iştirakçılara sertifikatlar təqdim olunub.
Qeyd edək ki, simpozium işini noyabrın 13-də Xəzər Universitetində davam etdirəcək.



