Sədaqət Qəhrəmanova: Ailə dəyərlərinin qorunması cəmiyyətin inkişafına xidmət edir
"Azərbaycan xalqının zəngin milli-mənəvi irsində ailə hər zaman müqəddəs dəyər kimi qəbul olunub".
"Azərbaycan müəllimi" xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova "Ailə dəyərləri" mövzusunda keçirilən "açıq dərs"də söyləyib.
Sədr müavini bildirib ki, ailə daxilində formalaşan mənəvi keyfiyyətlər insanın xarakterinə, cəmiyyətə münasibətinə və həyat mövqeyinə birbaşa təsir göstərir. Bu baxımdan ailə dəyərlərinin qorunması yalnız bir ailənin deyil, bütövlükdə cəmiyyətin sağlam inkişafına xidmət edir: "Biz gənclərə ailənin mahiyyətini, valideyn məsuliyyətini və milli adət-ənənələrimizin əhəmiyyətini daha dərindən aşılamağa çalışmalıyıq".
Sədaqət Qəhrəmanova çıxışında ailədə ana və atanın roluna da xüsusi toxunub: "Analar uşaqlarını ələ almağı bacarmaq üçün onları sevərək böyütməlidirlər. Ana sevgi ilə yanaşdıqda övladda da sevgi yaranır. Qadın səbirli, təmkinli olmalı, hər şeyi nizama salmağı bacarmalıdır. Körpə olduqda uşağın ana qayğısına ehtiyacı var, lakin uşaq məktəbə gedəndə atanın rolu meydana çıxır. Bu zaman ata oğluna kişi olmağı öyrətməli, qızına sevgi göstərməlidir".



