Sədr: Daxili keyfiyyət təminatı sistemi ali təhsildə davamlı inkişafın əsas şərtidir
“Ali təhsil müəssisələrində daxili keyfiyyət təminatı mexanizmlərinin təkmilləşdirilməsi bu gün qarşıda duran əsas vəzifələrdəndir”.
Bu fikirləri “Təhsildə Keyfiyyət, Dayanıqlılıq və İnnovasiya Forumu – 2026” çərçivəsində Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov “Azərbaycan müəllimi”nə açıqlamasında bildirib.
Sədr qeyd edib ki, ali təhsildə keyfiyyət təminatı yalnız formal qiymətləndirmə prosesi deyil, həm də idarəetmə, tədris məzmunu və müəllim potensialının sistemli inkişafını əhatə edən kompleks yanaşmadır. Onun sözlərinə görə, son illər bu istiqamətdə meyarlar təkmilləşdirilib, daha çevik və nəticəyönümlü qiymətləndirmə mexanizmləri tətbiq olunmağa başlanıb.
Tural Əhmədov vurğulayıb ki, əmək bazarının tələblərinə uyğun məzun hazırlığı keyfiyyət təminatının əsas göstəricilərindən biridir. Bu baxımdan, sənaye nümayəndələrinin tədris proqramlarının yenilənməsi prosesinə cəlb edilməsi və praktik təcrübənin proqramlara inteqrasiyası xüsusi əhəmiyyət daşıyır.
Onun sözlərinə görə, keyfiyyət təminatı sahəsində məsul şəxslərin bir araya gəldiyi bu cür platformalar ali təhsil sistemində vahid yanaşmanın formalaşmasına və davamlı inkişafın təmin olunmasına xidmət edir.



