Səfir: TDT çərçivəsində əməkdaşlıq daha da gücləndirilməlidir

14 May, 2026 - 12:53
Səfir: TDT çərçivəsində əməkdaşlıq daha da gücləndirilməlidir

“Birinci Türkoloji Qurultayda aparılan müzakirələr və qəbul olunan qərarlar Türkiyənin dil, mədəniyyət və tarix siyasətinin formalaşmasına mühüm təsir göstərib”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri Türkiyə Respublikasının Azərbaycandakı səfiri Birol Akgün “I Türkoloji Qurultayın 100 illiyi: Dil məsələləri” beynəlxalq elmi konfransında səsləndirib.

Səfir qeyd edib ki, məhz həmin qurultaydan iki il sonra – 1928-ci ildə Türkiyə latın əlifbasına keçdi: “1926-cı ildə Bakıda keçirilən Birinci Türkoloji Qurultayda, bildiyim qədərilə, SSRİ-dən kənar müstəqil dövlət nümayəndələri sırasında yalnız Türkiyədən gələn nümayəndələr iştirak edirdi. Həmin dövrdə Türkiyə Cümhuriyyəti yenicə qurulmuşdu və dövlətçilik baxımından ilk illərini yaşayırdı. Türkiyədən Mehmet Fuad Köprülü kimi görkəmli alimlər qurultaya qatılmışdı. Beləliklə, milli dövlət formalaşarkən dil, tarix və mədəniyyət siyasətinin bu qarşılıqlı təsir nəticəsində necə inkişaf etdiyini görürük”.

Səfirin sözlərinə görə, bundan sonra da Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığı daha da gücləndirmək lazımdır: “Bu baxımdan ötən il UNESCO çərçivəsində keçirilən toplantıda 15 dekabr tarixinin Dünya Türk Dili Günü kimi qeyd olunması barədə qərarın qəbul edilməsi hamımızın ortaq uğurudur. Bu uğur ortaq şüurun, ortaq marağın və ortaq məsuliyyətin nəticəsidir”.