Şəhərsalma üzrə elmi-tədqiqat mərkəzlərinin formalaşdırılmasına ehtiyac var - Rasim Əliquliyev

15 May, 2026 - 11:34
Şəhərsalma üzrə elmi-tədqiqat mərkəzlərinin formalaşdırılmasına ehtiyac var

“Şəhərsalma məsələsi, əslində, cəmiyyətin bütün problemlərini özündə birləşdirən, onları akkumulyasiya edən bir sahədir. Bu problem təkcə infrastruktur məsələsi deyil, burada multidisiplinar bir yanaşma var və bütün elmi istiqamətlər bu prosesə cəlb olunmalıdır”.

“Azərbaycan müəllim” xəbər verir ki, bu fikirləri  İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru Rasim Əliquliyev “Dayanıqlı və davamlı şəhər inkişafı üçün insan kapitalının formalaşdırılması” beynəlxalq konfransında səsləndirib. 

Akademik qeyd edib ki, zaman keçdikcə həm yaşıl transformasiya, həm də rəqəmsal transformasiya artıq ciddi tədqiqat mövzularına çevrilib: “Bütün bu proseslərdə hər bir infrastruktur elementi rəqəmsallaşmalıdır. Bu texnologiyalar sadəcə xaricdən gətirilib tətbiq edilməməli, onların yerli kadr potensialı formalaşdırılmalıdır. Bu kadrlar isə ölkəmizin ali təhsil müəssisələrində hazırlanır və bu istiqamətdə Elm və Təhsil Nazirliyi tərəfindən sistemli və ardıcıl işlər həyata keçirilir ki, qarşıya qoyulan vəzifələr yüksək səviyyədə icra olunsun”.

R.Əliquliyev bildirib ki, şəhərsalma məsələsində müvafiq qurumlar çərçivəsində yeni institusional mexanizmlərin yaradılmasına, elmi-tədqiqat mərkəzlərinin formalaşdırılmasına ehtiyac var: “Digər mühüm məqam isə rəqəmsallaşmanın şəhər həyatında yaratdığı yeni çağırışlardır. Biz bu çağırışlara da hazır olmalıyıq. Çünki rəqəmsal transformasiyanın müsbət tərəfləri olduğu kimi, müəyyən riskləri də mövcuddur. Dövlət tərəfindən bu istiqamətdə artıq addımlar atılır”.

Onun sözlərinə görə, XXI əsrdə şəhərsalma artıq ənənəvi yanaşmadan fərqli olaraq texnoloji inqilabların tələblərinə uyğun şəkildə inkişaf etdirilməlidir.