“Şəhərsalma və Memarlıq İli” ali təhsil və elmi-tədqiqat fəaliyyətinin inkişafına mühüm töhfə verəcək – Gülçöhrə Məmmədova

24 Dekabr, 2025 - 12:22
“Şəhərsalma və Memarlıq İli” ali təhsil və elmi-tədqiqat fəaliyyətinin inkişafına mühüm töhfə verəcək

“Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi haqqında möhtərəm cənab Prezident İlham Əliyevin imzaladığı Sərəncam müasir dövrdə memarlığın və şəhərsalmanın ölkəmizin həyatında və insanların yaşadığı sağlam, əlverişli mühitin formalaşmasında oynadığı əhəmiyyətli rolun göstəricisidir”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru memarlıq doktoru, professor Gülçöhrə Məmmədova mətbuata açıqlamasında bildirib.

Rektor qeyd edib ki, bu mühüm qərar bir daha təsdiqləyir ki, şəhərsalma və memarlıq Azərbaycan dövlətinin sosial-iqtisadi inkişaf strategiyasında, milli kimliyin qorunmasında və dayanıqlı gələcəyin formalaşdırılmasında prioritet sahələrdən biridir. Dövlət başçısının rəhbərliyi ilə son illər ölkəmizdə həyata keçirilən genişmiqyaslı quruculuq, bərpa və yenidənqurma layihələri, xüsusilə azad edilmiş ərazilərdə tətbiq olunan innovativ və “yaşıl” şəhərsalma yanaşmaları bu sahəyə verilən strateji əhəmiyyətin bariz nümunəsidir.

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində ölkəmizdə keçiriləcək Dünya Şəhərsalma Forumu (WUF) ilə əlaqədar Azərbaycan Memarlıq və İnşaat Universitetində bir sıra mühüm təşəbbüslərin reallaşdırılmasının nəzərdə tutulduğunu vurğulayan rektor əlavə edib ki, bu çərçivədə AzMİU-nun Memarlıq fakültəsinin buraxılış işlərindən ibarət tematik sərgilərin təşkili, şəhərsalma problemlərinə və memarlıq təhsilinin aktual çağırışlarına həsr olunmuş panel müzakirələri və dəyirmi masaların keçirilməsi planlaşdırılır. WUF Gənclər Forumunun iştirakçıları üçün universitet kampusunda beynəlxalq tərəfdaşlarımızın və xarici ekspertlərin iştirakı ilə master-klasslar, vorkşoplar və interaktiv müzakirələr təşkil ediləcək, WUF13-də iştirak edən nüfuzlu xarici mütəxəssislərin tələbələrimiz üçün ustad dərsləri və açıq mühazirələri keçiriləcəkdir. Bununla yanaşı, Gənclər və İdman Nazirliyi ilə birgə ardıcıl iki ildir həyata keçirilən “ArchiVision Weekend Camp” layihəsinin növbəti buraxılışı da WUF13-ün ideyalarının təbliğinə, gənc memar və şəhərsalmaçıların peşəkar bacarıqlarının inkişafına həsr olunacaqdır.

Professor Gülçöhrə Məmmədova qeyd edib ki, 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan olunması memarlıq və şəhərsalma praktikası ilə yanaşı bu sahələr üzrə ali təhsil və elmi-tədqiqat fəaliyyətinin inkişafına da mühüm töhfə verəcək. Bu qərar memarlıq, şəhərsalma və inşaat mühəndisliyi ixtisasları üzrə müasir çağırışlara cavab verən kadr hazırlığının gücləndirilməsinə, təhsilin məzmunun yenilənməsinə, elmin, təhsilin və istehsalatın daha sıx inteqrasiyasına yeni imkanlar açır.

“AzMİU ölkədə memarlıq, şəhərsalma və inşaat sahələri üzrə ixtisaslı kadr hazırlığının aparıcı mərkəzi kimi dövlətin müəyyən etdiyi prioritetlərə uyğun şəkildə tədris, elmi araşdırma və innovasiya fəaliyyətini təkmilləşdirməyə hazırdır. “Şəhərsalma və Memarlıq İli” çərçivəsində universitetimizdə beynəlxalq səviyyəli elmi görüşlərin, yaradıcılıq müsabiqələrinin və maarifləndirici tədbirlərin sayını daha da artırmağı planlaşdırırıq. Əminik ki, bu əlamətdar il Azərbaycan şəhərlərinin tarixi irsinin qorunması ilə yanaşı, müasir, dayanıqlı və insan mərkəzli şəhər mühitinin formalaşdırılmasına, eyni zamanda yeni nəsil memar və mühəndislərin peşəkar inkişafına güclü təkan verəcək”, – deyə rektor bildirib.