Səngərdən sinfə uzanan şərəfli yol: Qazi müəllim sertifikasiyada da fərqləndi
Lənkəran–Astara regionunda keçirilən müəllimlərin sertifikatlaşdırılması prosesində uğur qazanan təhsilverənlərdən biri də Lerik rayonunun ucqar dağ kəndində fəaliyyət göstərən tarix və coğrafiya müəllimi Azər Səmədovdur. Ə.Məmmədov adına Mastail kənd tam orta ümumtəhsil məktəbində çalışan müəllim tarix fənni üzrə 54 bal toplayaraq sertifikatlaşdırma imtahanını uğurla başa vurub.
9 illik pedaqoji fəaliyyəti ərzində şagirdlərdə tarixə, elmə və vətən sevgisinə maraq formalaşdıran Azər Səmədov həm də İkinci Qarabağ müharibəsi qazisidir. "Azərbaycan müəllimi"nə danışan müəllim sertifikatlaşdırmada qazandığı uğuru uzun illər ərzində topladığı təcrübə və keyfiyyətli tədris fəaliyyəti ilə əlaqələndirir: “Xüsusi olaraq hazırlaşmamışdım. Düşünürəm ki, tədris prosesini keyfiyyətli quran hər bir təhsilverən sertifikatlaşdırma imtahanında uğur qazana bilər”.
"Zəfər tariximizin yazılmasında rolumun olması böyük şərəf və qürurdur”
Azər müəllimin həyat yolunu fərqləndirən əsas məqamlardan biri də onun Vətən müharibəsində iştirak etməsidir. Tarix fənnini tədris edən bir müəllim üçün Azərbaycanın şanlı zəfər tarixinin yazılmasında iştirak etmək xüsusi mənəvi dəyər daşıyır. O, bu barədə danışarkən duyğularını belə ifadə edir: “Tarix müəllimi olaraq zəfər tariximizin yazılmasında müəyyən rolumun olması mənim üçün böyük şərəf və qürurdur”.
Vətən qarşısındakı xidmətlərinə görə Azər Səmədov “Şuşanın azad edilməsinə görə”, “Füzulinin azad edilməsinə görə”, “Cəbrayılın azad edilməsinə görə”, “Xocavəndin azad edilməsinə görə” medalları, həmçinin “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunub.
Qazi müəllim sertifikatlaşdırma prosesinin əhəmiyyətini də yüksək qiymətləndirir. Onun fikrincə, bu proses müəllimlərin peşəkar inkişafını stimullaşdıran, onları daim yenilənməyə sövq edən mühüm vasitədir.
“Müəllimlərin öz üzərlərində çalışmaları, peşəkarlıq səviyyələrini artırmaları və müəllimlər arasında sağlam rəqabət mühitinin formalaşmasında çox uğurlu bir vasitədir”, – deyə o vurğulayır.
Dərslərinin maraqlı və yaddaqalan olması üçün müasir yanaşmalardan istifadə edən Azər müəllim hesab edir ki, şagirdlərin fənnə marağını artırmağın ən təsirli yolu mövzuları gündəlik həyatla əlaqələndirməkdir: “İstər tarix, istərsə də coğrafiya fənlərində dərslərin tədrisində real həyatla inteqrasiyalı keçirilən dərslər şagirdlərə daha maraqlı gəlir. Xüsusilə aşağı siniflərdə dərslərin əyləncəli tədrisi tarix və coğrafiyanın ən sevimli dərslərə çevrilməsinə səbəb olur”.
"Hər kəs öz peşəsinə vicdanla yanaşmaqla ölkəsinə xidmət edə bilər"
Azər Səmədovun gənclərə və gələcəyin müəllimlərinə ünvanladığı fikirlər isə xüsusi diqqət çəkir. Onun sözlərinə görə, vətənə xidmət anlayışı yalnız döyüş meydanı ilə məhdudlaşmır. Hər kəs öz peşəsinə vicdanla yanaşmaqla ölkəsinə xidmət edə bilər.
“Vətənə xidmət təkcə səngərdə olmur. Bütün peşə sahibləri, o cümlədən müəllimlər işlərini vicdanla gördükdə, görəcəkləri ən sadə işə belə peşəkar yanaşdıqda vətənə xidmət etmiş olurlar. Müəllimlik məsuliyyətdir, bütün peşə sahibləri məktəbdə hazırlanır. Əsas amalımız təkcə savadlı gənclər yetişdirmək deyil, vətənpərvər və savadlı gənclərin yetişdirilməsi olmalıdır”.
Səngərdə göstərdiyi şücaəti sinif otağında pedaqoji fəaliyyətlə davam etdirən Azər Səmədov kimi müəllimlər cəmiyyət üçün örnəkdir. Onların uğurları bir daha göstərir ki, vətənpərvərlik, peşəkarlıq və müəllim adına sədaqət bir araya gəldikdə həm təhsil, həm də cəmiyyət qazanır.




