"Sertifikasiya zəif tərəflərimi görməyə kömək etdi" - İmtahandan uğurla keçənlər
Müəllimlik peşəsində illərin təcrübəsi vacibdir. Amma sertifikatlaşdırma imtahanında həmsöhbət olduğumuz müəllimlər göstərirlər ki, təcrübə ilə yanaşı, öyrənmək həvəsini qoruyub saxlamaq da uğurun əsas şərtlərindən biridir.
Bakı Avropa liseyinin fiziki tərbiyə müəllimi Pərvanə Mirzəquliyeva 15 illik pedaqoji fəaliyyətə malikdir. Sertifikatlaşdırma imtahanında 57 bal toplayan müəllim nəticəsindən razı qaldığını deyir.
“Test sualları mənim üçün orta səviyyədə idi. Əlbəttə ki, hər birimiz öz sahəmiz üzrə peşəkar olmalıyıq. Sertifikatlaşdırmanın da əsas əhəmiyyəti müəllimlərin peşəkarlığının artırılmasına xidmət etməsidir”.
Pərvanə müəllim etiraf edir ki, imtahana hazırlıq dövründə özünün zəif hesab etdiyi mövzular üzərində xüsusi çalışıb:
“Bu proses bizə stimul verir ki, öz üzərimizdə daha çox işləyək. Mən də etiraf edirəm ki, imtahana qədər zəif hesab etdiyim mövzular üzərində çalışmışdım. Bu gün də nəticəsini gördüm. Nəticəmdən razıyam və bu nəticəni özümdən gözləyirdim”.
Onun sözlərinə görə, imtahanda təqdim olunan suallar müəllimlərə əvvəlcədən təqdim edilmiş çərçivə sənədinə uyğun hazırlanmışdı.
Sertifikatlaşdırmanın müəllimlər üçün əhəmiyyətindən danışarkən isə ilk növbədə peşəkar inkişafı önə çəkir:
“Əlbəttə ki, ilk növbədə müəllim olaraq inkişafımızı düşünməliyik. Öz üzərimizdə işləmək əsas məsələdir. Maddi imkanlar da bizim üçün vacibdir. Çalışmalıyıq ki, qazandığımız biliklərlə daha yaxşı öyrədə bilək. Etiraf etməliyəm ki, maddi stimul da müəllim üçün motivasiya yaradan amillərdən biridir”.
Müəllim qeyd edir ki, illərdir öz işinə güvənlə yanaşır və sertifikatlaşdırma da bu inamı daha da möhkəmləndirib:
“Həmişə öz işimə güvənmişəm. Şagird sual verəndə ona cavab tapa bilməmək müəllim üçün xoş hal deyil. Mən isə qürurla deyə bilərəm ki, şagirdlərimin suallarına cavab verməyə çalışıram və onların qarşısında inamla dayanıram”.
Bakı şəhəri, Maştağa qəsəbəsi 209 nömrəli tam orta məktəbin fiziki tərbiyə müəllimi Natiq Quliyev isə 18 illik pedaqoji fəaliyyətin ardından sertifikatlaşdırma imtahanında 58 bal toplayıb.
O etiraf edir ki, imtahandan əvvəl həyəcan keçirib:
“Açığı, əvvəl həyəcan var idi. Bu, tamamilə təbii haldır. Amma ilk iki-üç sualdan sonra həyəcan keçdi. İmtahan gözlədiyimdən daha rahat oldu. Bilən müəllim üçün çətin bir proses deyildi”.
Natiq müəllim təşkilatçılığı da yüksək qiymətləndirib: “Hər şey yüksək səviyyədə təşkil olunmuşdu. Nəzarətçilər də, təşkilatçılar da öz işlərini peşəkar şəkildə yerinə yetirirdilər”.
Onun sözlərinə görə, suallar əsasən orta çətinlik səviyyəsində olub: “İlk suallar daha sadə idi. Çətin suallar da var idi, amma çox deyildi. Düşündürücü suallar üstünlük təşkil edirdi. Ümumilikdə suallar dərslik və proqram çərçivəsindən kənara çıxmırdı”.
18 illik təcrübəsinə baxmayaraq, imtahana ciddi şəkildə hazırlaşdığını gizlətmir:
“Bəziləri deyir ki, hazırlaşmamışam, amma mən bunu deməyəcəyəm. Yanvar ayından etibarən hazırlaşırdım. Hər gün ciddi şəkildə olmasa da, təxminən 4-5 saat vaxt ayırırdım. Əziyyətimin də nəticəsini gördüm”.
Hazırlıq prosesi ona öz zəif tərəflərini görmək imkanı da verib:
“Bu proses mənə zəif tərəflərimi görməyə kömək etdi. Daha çox kurikulum istiqamətində müəyyən boşluqlarımı gördüm. İxtisas üzrə sualların hamısını doğru cavablandırdım. Kurikulum üzrə isə bəzi suallarda tərəddüd etdim. Hətta iki sualda əvvəl düzgün cavabı seçmişdim, sonradan fikrimi dəyişdim. Ola bilsin ki, həmin sualları buna görə itirmişəm”.
Görünür, sertifikatlaşdırma prosesi müəllimlərə öz güclü və zəif tərəflərini görmək, biliklərini yeniləmək və peşələrinə daha böyük məsuliyyətlə yanaşmaq imkanı yaradır.




