Sertifikatlaşdırma nəticəsində hər bir tərbiyəçi-müəllimin potensialı ortaya çıxacaq – Mütəxəssis rəyi

10 Dekabr, 2024 - 10:48

 “Hər bir şəxs öz üzərində işləməli, inkişaf etməlidir. Texnologiyanın sürətli inkişafı özü ilə birlikdə yeniliklər gətirir. Düşünürəm ki, sertifikatlaşdırma nəticəsində hər bir tərbiyəçi-müəllimin potensialı ortaya çıxacaq. Elm və təhsil naziri Emin Əmrullayevin də dediyi kimi, məktəbəqədər təhsil bazadır, bünövrədir, hər şey buradan başlayır. Pedaqoji istiqamətdə olan sahələrlə bağlı bu prosesin aparılması müsbət addımdır”. 

“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Azərbaycan Dövlət Pedaqoji Universitetinin Məktəbəqədər təhsil fakültəsinin dekanı pedaqogika elmlər doktoru, dosent Nailə Hüseynova məktəbəqədər təhsildə keyfiyyət məsələləri ilə bağlı deyib. 

O bildirib ki, məktəbəqədər təhsildə keyfiyyətin faiz göstəricilərini artırmaq əsas məqsədlərdən biridir: “Xüsusilə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin bu istiqamətdə müvafiq addımları öz sözünü deyir. Beynəlxalq arenada olan meyarları götürərək istiqamətli kadr hazırlığına daha çox diqqət artırılması tələb olunur”.   

N.Hüseynovanın fikrincə, sertifikatlaşdırma məktəbəqədər təhsil sahəsində tərbiyəçi-müəllimlərin inkişafı, formalaşdırılması üçün böyük bir yenilikdir. “Bu proses tərbiyəçi-müəllimlərin bu gün məktəbəqədər təhsil müəssisələrində uşaqlara təqdim etdiyi təhsili daha yüksək səviyyəyə qaldıracaq. Kadr hazırlığında yeni növ texnologiyalardan istifadə etməklə uşaqlara interaktiv məşğələlərdə hansısa mövzunu təqdim edən, müxtəlif növ oyunlarla öyrədən tərbiyəçi-müəllim formalaşdırırıqsa, sertifikasiya bu yöndə ən uğurlu addımdır". 

Sertifikatlaşdırma prosesinin özlüyündə bir inkişaf, düzgün strategiya, gələcək cəmiyyətə inteqrasiya olduğunu dilə gətirən N.Hüseynova hesab edir ki, ümumiyyətlə, imtahanda iştirak edən əksər müəllimlərin sualları düzgün cavablandırması onların savadlılığının göstəricisidir.
 
O, Azərbaycan Dövlət Pedoqoji Universitetində məktəbəqədər təhsil sahəsində müvafiq işlərin görüldüyünü, ötən həftə “Məktəbəqədər təhsildə keyfiyyətə yeni baxış” adlı konfrans keçirildiyini, bu sahədə bir sıra zəruri məqamlara diqqət yetirilməsinin vacibliyini qeyd edib.  

N.Hüseynova xüsusilə ölkəmizdə uğurla başa çatan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının ( COP29) təhsil sahəsində bir sıra vəzifələr qoyduğunu diqqətə çatdırıb: “Nəzərinizə çatdırım ki, hər bir məktəbəqədər təhsil müəssisəsində COP29-da diqqət ayrılan ekologiya və ətraf mühitin qorunması məsələsinə xüsusi diqqət yetirilməkdədir. Belə ki, COP29-dan sonra “Yaşıl nümunələr” və “Oyun əsaslı öyrənmə” mövzularının məktəbəqədər təhsil müəssisələrinin proqramlarına salınması mühüm addımlardandır”.