Bu müəllimlərin sertifikasiya imtahanının tarixi BİLİNDİ
Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən incəsənət məktəb və mərkəzlərinin təhsilverənlərinin sertifikasiyasının test imtahanı mərhələsi 5-6 dekabr 2026-cı il tarixlərində Dövlət İmtahan Mərkəzinin Elektron imtahanlar korpusunda (Bakı şəhəri, Süleyman Sani Axundov küçəsi, 50) keçiriləcək.
DİM-dən "Azərbaycan müəllimi"nə verilən məlumata görə, imtahanda iştirak edəcək təhsilverənlər “İmtahana buraxılış vərəqəsi”ni müvafiq keçidə daxil olaraq çap edə bilərlər. Dövlət İmtahan Mərkəzinin elektron xidmətlərindən faydalanmaq istəyən hər bir istifadəçinin elektron “Şəxsi kabinet”i olmalıdır. “Şəxsi kabinet” bir dəfə yaradılır və daim istifadə edilə bilər.Şəxsi kabinetin yaradılması ilə bağlı videotəlimatla buradan tanış ola bilərsiz.
İmtahana gələrkən şəxsiyyəti təsdiq edən sənədin (şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu) əslini və imtahana buraxılış vərəqəsini mütləq gətirmək lazımdır. Tələb olunan sənədlərdən biri olmadıqda, sənədlər arasında uyğunsuzluq aşkarlandıqda, saxta sənəd təqdim edildikdə, imtahanın başlanmasına 15 dəqiqə qalmışdan gec gəldikdə təhsilverən imtahana buraxılmır. İmtahan qaydaları ilə daha ətraflı yaddaş kitabçasında tanış ola bilərsiz.
İmtahan müddəti 2 saatdır. Test imtahanında təhsilverənlərə 60 qapalı tipli test tapşırığı təqdim olunur. 50 tapşırıq ixtisas sahəsi, 10 tapşırıq təhsilverənlərin peşə səriştəsi və etik davranış qaydaları üzrə bilikləri yoxlayır. Hər test tapşırığı üzrə doğru cavab 1 balla qiymətləndirilir. Nəticələr hesablandıqda səhv cavablar ümumi bala təsir göstərmir. Toplanıla bilən maksimal bal 60-a bərabərdir. Test imtahanında azı 30 bal toplayan təhsilverən müsahibə mərhələsində iştirak etmək hüququ qazanır.




