Şimali Kiprdə universitet seçərkən nələrə diqqət edilməlidir? - AÇIQLAMA
Şimali Kipr Türk Cümhuriyyətində (ŞKTC) ali təhsil müəssisələrində yüksəkkeyfiyyətli təhsil almaq istəyən Azərbaycandan olan abituriyentlərə müəyyən bir universitetin, eləcə də ayrı-ayrı fakültələrin Türkiyə Respublikası Ali Təhsil Şurası (YÖK) tərəfindən tanınmasını yoxlamaq tövsiyə olunur.
"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə AZƏRTAC-a ŞKTC-nin Ankaradakı səfirliyinin təhsil və mədəniyyət attaşesi Mehmet Ali Keleş bildirib.
O qeyd edib ki, hazırda Şimali Kiprdə 20-dən çox universitet fəaliyyət göstərir ki, bunlardan ikisi dövlətə məxsusdur. Lakin onlardan yalnız bir neçəsi YÖK tərəfindən akkreditə olunub, qalanları isə ŞKTC Ali Təhsil Planlaşdırma, Nəzarət, Akkreditasiya və Koordinasiya Şurası (YÖDAK) tərəfindən tanınır.
Keleş əlavə edib: "Məsələn, Türkiyə YÖK tərəfindən akkreditə olunmuş universitetlər ola bilər, lakin onların bəzi fakültələri bu yaxınlarda yaradılıb və hələ də Türkiyə hökuməti tərəfindən tanınmır. Nəticədə məzunlar diplomlarının tanınmaması ilə bağlı problemlərlə üzləşə və öz sahələri üzrə iş tapa bilməyəcəklər”.
Səfirliyin nümayəndəsi, həmçinin Azərbaycan vətəndaşları da daxil olmaqla bütün əcnəbilərə ŞKTC-də fəaliyyət göstərən universitetlərdə güzəştli təhsil hüququ verən təqaüd proqramlarına diqqət çəkib.
“Gənc azərbaycanlılar ŞKTC-nin Bakıdakı nümayəndəliyində daha dolğun məlumat əldə edə bilərlər. Türk Kiprindən olan gənclərin də Azərbaycandakı universitetlərdə təhsil almaq üçün dəstək almaq imkanına sahib olması sevindirici haldır. Bu proses son beş-altı ildə daha da güclənib. Bu, ölkələrimiz arasında dostluq körpülərini möhkəmləndirir”, - deyə diplomat bildirib.
Onun sözlərinə görə, Şimali Kiprdə əcnəbi tələbələr üçün bütün lazımi şərait yaradılıb və lazımi sayda yataqxana yerləri mövcuddur.


