Şirvan-Salyan regionunda 4 məktəb üçün yeni bina tikilir
Şirvan-Salyan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 4 ümumtəhsil müəssisəsi üçün yeni bina tikilir.
İdarədən "Azərbaycan müəllimi"nin sorğusuna cavab olaraq bildirilib ki, Neftçala şəhəri Elton Həbibov adına 4 nömrəli, Biləsuvar rayonu Rafiq Rzayev adına Nəsimi kənd, Hacıqabul şəhəri Fərhad Süleymanov adına 3 nömrəli və Salyan rayonu Xələc kəndi Təhməz Şirinov adına 2 nömrəli tam orta məktəblərinin köhnə binası sökülüb. Onların yerində yeni məktəb binası inşa edilir.
Bununla yanaşı, Şirvan şəhəri Tahir Bağırov adına 11 nömrəli tam məktəbində əsaslı, 11 təhsil müəssisəsində cari təmir işləri aparılır.
Qeyd olunub ki, son iki il ərzində Şirvan-Salyan Regional Təhsil İdarəsinin tabeliyindəki 19 müəssisədə cari təmir işləri həyata keçirilib, 3 məktəb binası isə sökülərək yenidən tikilib. 2024-2025-ci tədris ilində 34 təhsil müəssisəsində təmir işlərinin aparılması nəzərdə tutulur.



