Son 20 ildə ali təhsili seçənlərin sayı 100 milyondan 269 milyona yüksəlib

15 May, 2026 - 11:46
Son 20 ildə ali təhsili seçənlərin sayı 100 milyondan 269 milyona yüksəlib

Ali təhsil sistemi dünyada sürətlə genişlənir və bu inkişaf yeni imkanlarla yanaşı ciddi çağırışlar da yaradır. “UNESCO” bu prosesə uyğun olaraq sektorun gələcəyini yenidən formalaşdırmaq üçün qlobal yol xəritəsi təqdim edib.

“Azərbaycan müəllimi” xəbər verir ki, “UNESCO”nun yeni hesabatına əsasən, ali təhsilə qəbul olunan tələbələrin sayı son 20 ildə 100 milyondan 269 milyona yüksəlib və bu, rekord göstərici hesab olunur.

Eyni zamanda beynəlxalq tələbə mobilliyi də kəskin artaraq 2024-cü ildə təxminən 7 milyon nəfərə çatıb, dünyada 22 mindən çox akkreditə olunmuş ali təhsil müəssisəsi fəaliyyət göstərir.

Sənəddə qeyd olunur ki, ali təhsil sistemləri maliyyə, texnologiya və sosial təzyiqlər fonunda daha çevik və innovativ yanaşmalara ehtiyac duyur. Bu məqsədlə “UNESCO” tərəfindən təklif edilən yol xəritəsi bərabərlik, akademik azadlıq, tənqidi düşüncə və süni intellektin humanist istifadəsi kimi prinsipləri önə çıxarır.

Təşkilatın fikrincə, ali təhsil yalnız bilik ötürmə deyil, həm də dayanıqlı inkişaf və qlobal problemlərin həllində əsas vasitələrdən biri olmalıdır. Bu istiqamətdə hökumətlər, universitetlər və beynəlxalq tərəfdaşlar arasında əməkdaşlığın gücləndirilməsi vacib sayılır.