Son PISA tədqiqatına kənd məktəbləri də cəlb olunub – Elnur Əliyev
PISA 2025 beynəlxalq qiymətləndirmə tədqiqatında ölkəmizdən 7 432 şagird iştirak edib.
"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə Təhsil İnstitutunun direktor səlahiyyətlərini müvəqqəti icra edən, elm və təhsil nazirinin müşaviri Elnur Əliyev PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşündə deyib.
Onun sözlərinə görə, Azərbaycan PISA 2025 tədqiqatında ilk dəfə ölkə üzrə genişmiqyaslı şəkildə iştirak edib. Əvvəlki PISA tədqiqatlarında iştirak yalnız Bakı şəhərini əhatə etdiyi halda, 2025-ci ildə ölkənin müxtəlif iqtisadi rayonlarında yerləşən şəhər və kənd məktəbləri prosesə cəlb olunub.
Tədqiqatda Abşeron-Xızı, Bakı, Dağlıq Şirvan, Gəncə-Daşkəsən, Lənkəran-Astara, Mil-Muğan, Mərkəzi Aran, Naxçıvan MR, Qarabağ, Qazax-Tovuz, Quba-Xaçmaz, Şirvan-Salyan, Şəki-Zaqatala və Şərqi Zəngəzur üzrə məktəblər iştirak edib".
Müşavir qeyd edib ki, tədqiqata 154 şəhər və 87 kənd məktəbi olmaqla ümumilikdə 241 məktəb cəlb edilib:
"İştirakçı şagirdlərin 52 faizini oğlanlar, 48 faizini qızlar təşkil edib. PISA 2025 tədqiqatında dünya üzrə 91 ölkədən 760 min şagird iştirak edib. Onlar ümumilikdə təxminən 33 milyon 15 yaşlı şagirdi təmsil edirlər".
Qeyd edək ki, PISA (Programme for International Student Assessment) - Beynəlxalq Şagird Qiymətləndirmə Proqramı 85-dən çox ölkədə 15 yaşlı şagirdlər arasında oxu, riyaziyyat, təbiət elmləri və yaradıcı düşünmə üzrə bilik və bacarıqları qiymətləndirmək, eyni zamanda bu bilik və bacarıqları real həyatda istifadə etmək qabiliyyətini müəyyənləşdirmək məqsədi ilə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı tərəfindən 3 ildən bir təşkil olunur.




