Son üç ildə 500 kibertəhlükəsizlik mütəxəssisi əmək bazarına çıxarılıb

9 Fevral, 2026 - 13:22
Son üç ildə 500 kibertəhlükəsizlik mütəxəssisi əmək bazarına çıxarılıb

Bu gün Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində 6-cı dalğanın məzun günü keçirilir. Mərkəzdə müxtəlif istiqamətlər üzrə “red”, “blue” və “purple team” adlandırılan xüsusi ixtisas artırma təlimlərini başa vuran məzunlar artıq əmək bazarına inteqrasiya olunurlar.

"Azərbaycan müəllimi" AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İnformasiya Təhlükəsizliyi Departamentinin müdiri Şahmar Hacıyəhyayev deyib: “Son üç ildə Mərkəz tərəfindən 480–500 kibertəhlükəsizlik üzrə mütəxəssis hazırlayaraq əmək bazarına çıxarılıb. Eyni zamanda, dayanıqlı kibertəhlükəsizlik ekosisteminin formalaşdırılması, insan kapitalının güclü yetişdirilməsi və yerli məhsulların inkişafı istiqamətində mühüm fəaliyyətlər həyata keçirilir”.

Ş.Hacıyəhyayev bildirib ki, Mərkəzin məzunlarının təxminən 86 faizi artıq əmək bazarında işləyir. 200 nəfərə yaxın rəhbər şəxs üçün kiberdayanıqlılıq, kibermaarifləndirmə və kiberqiymətləndirmə təlimləri təşkil olunub ki, qərarverici şəxslər qurumlarında texnologiyaları düzgün tətbiq edə bilsinlər.

Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi gələcək üç ildə də strateji fəaliyyətini həm daxili, həm də xarici tərəfdaşlarla əməkdaşlıq çərçivəsində davam etdirəcək. Qurum insan kapitalının inkişafı və milli kiberməhsulların bazarda tətbiqi istiqamətində layihələr həyata keçirəcək.