Stresin əsas səbəbi valideynlərin gözləntiləridir – Məleykə Abbaszadə
"Valideynlər çox zaman övladlarından real imkanlarından daha yüksək nəticələr gözləyirlər və bu da əlavə təzyiq yaradır.
"Azərbaycan müəllimi" xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə Trend Beynəlxalq İnformasiya Agentliyinə və "Baku TV" televiziya kanalına birgə müsahibəsində bildirib.
Onun sözlərinə görə, imtahan özü də təkbaşına bu stresi formalaşdırmır. Daha çox valideynlərin, ailənin, cəmiyyətin və müəllimlərin gözləntiləri şagirdlərə təsir göstərir: "Apardığımız anonim sorğunun nəticələrinə görə, iştirakçıların 60 faizindən çoxu bildirir ki, onlarda stresin yaranmasına əsas səbəb valideynlərin gözləntiləridir".
M.Abbaszadə bildirib ki, şagird özünü idarə etməyi, öz vaxtını düzgün bölməyi bacarmalıdır və ona heç kim nəzarət edərək təzyiq göstərə bilməz: "Bu stresi idarə etmək insanın vacib bacarıqlarından biridir və bunu yalnız mərkəzləşdirilmiş imtahan sistemi formalaşdıra bilməz. Bu bacarıq məktəbdə, ailədə və valideynlərin düzgün yanaşması ilə formalaşır. Çünki uşaq dünyaya gələndə onun mütləq ali məktəbə qəbul olunması kimi bir məcburiyyət yoxdur. Əgər qəbul olunmursa, bu, onun dəyərinin azalması demək deyil".




