Süni intellekt müəllimin yanında dayanmalı, yerinə keçməməlidir - Tədqiqatçı
Süni intellektin təhsilə təsiri ilə bağlı müzakirələr getdikcə intensivləşir. Bu müzakirələrin mərkəzində isə texnologiyanın müəllimin rolunu zəiflədib-zəiflətmədiyi deyil, onun pedaqoji qərarvermə prosesinə necə daxil olduğu dayanır. Məhz bu kontekstdə İnnovasiyalar və Rəqəmsal İnkişaf Agentliyinin təşkilatçılığı, Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin dəstəyi ilə müəllimlər üçün “Süni intellekt ilə tənqidi və yaradıcı təfəkkürün inkişafı” mövzusunda praktiki təlim və şəbəkələşmə tədbiri keçirilib. Təlimdə informatika, riyaziyyat, STEAM və peşə təhsili üzrə 130 müəllim iştirak edib.
Təlim Pekin Pedaqoji Universitetinin Təhsil Texnologiyaları ixtisası üzrə doktorantı, universitetin nəzdində fəaliyyət göstərən Rəqəmsal Təhsil Resursları Mərkəzinin tədqiqatçısı Murad Əliyev tərəfindən aparılıb. O, təlim zamanı müşahidə etdiyi məqamlarla bağlı təəssüratlarını “Azərbaycan müəllimi” ilə bölüşüb.
Murad Əliyevin sözlərinə görə, süni intellekt mövzusunda keçirilən təlimlər müəllimlərin texnologiyaya marağının yüksək olduğunu göstərir. Lakin bu maraq birmənalı deyil. Bir qrup müəllim texniki imkanları öyrənməyə çalışırsa, digərləri süni intellektin dərs prosesinə və şagirdin öyrənməsinə real təsirini anlamağa çalışır.
“Əslində, müəllimlər süni intellekti sadəcə yeni bir alət kimi deyil, mövcud dərs praktikalarına mümkün təsiri baxımından qiymətləndirirlər. Bu yanaşmada həm maraq, həm də şagird qarşısında hiss edilən peşəkar məsuliyyət açıq şəkildə hiss olunur”, – deyə təlimçi qeyd edir.
Onun sözlərinə görə, “Süni intellekt vasitəsilə düşüncə əsaslı tədris dizaynı” mövzusunda keçirilən təlimlər bu məsələlərə real sinif kontekstində baxmağa imkan verib. Müəllimlərin verdiyi suallar və ehtiyatlı münasibət bir məqamı aydın göstərib: süni intellektlə qarşılaşma təkcə texnologiya ilə tanışlıq deyil, müəllimin öz pedaqoji mövqeyini yenidən nəzərdən keçirməsi prosesidir.
Təlimin əvvəlində suallar əsasən praktik xarakter daşıyır: hansı platforma daha uyğundur, hansından istifadə pulsuzdur, hansı alət daha güclüdür. Lakin müzakirələr dərinləşdikcə əsas diqqət alətin funksiyalarından çox onun pedaqoji təsirinə yönəlir. Müəllimləri düşündürən əsas sual isə dəyişmir: bu texnologiya dərsdə düşünməni artıracaq, yoxsa sadəcə işi sürətləndirəcək?
Murad Əliyev bildirib ki, bəzi müəllimlərin süni intellektə ehtiyatla yanaşması texnologiyaya inamsızlıqdan deyil, şagirdin öyrənmə prosesinə zərər verməmək istəyindən irəli gəlir. Müəllimlər sınaqdan keçirmədikləri yanaşmaları dərsə gətirməyə tələsmirlər. Onlar üçün əsas meyar etibarlılıq və nəticədir.
Təlim zamanı diqqət çəkən məqamlardan biri də “süni intellektdən istifadə edirəm” ifadəsi ilə real pedaqoji davranışlar arasındakı fərqdir. Bir çox müəllimlər süni intellekti mətn yazmaq, material toplamaq, tapşırıq və sual hazırlamaq üçün istifadə edirlər. Bu, iş yükünü azaldır. Lakin dərsin məqsədini müəyyənləşdirmək və tapşırığın şagird üçün necə işləyəcəyini düşünmək mərhələsində texnologiya çox vaxt kənarda qalır.
Təlimçi vurğulayıb ki, əsas çətinlik texnologiyanın işləməməsində deyil, onun pedaqoji qərarvermə prosesinə daxil edilməsindədir. Süni intellekt sürətli cavab verə bilər, lakin bu cavabların dərs məqsədlərinə uyğunluğunu qiymətləndirmək müəllimin üzərinə düşür. Bu mərhələdə müəllim texniki istifadəçi yox, pedaqoji redaktor rolunda çıxış edir.
Onun sözlərinə görə, diqqətçəkən məqamlardan biri də müəllimlərin süni intellektlə bağlı mövqelərinin əsasən kollektiv müzakirələr zamanı formalaşmasıdır. Müəllimlər bir-birlərinin fikirlərinə reaksiya verərək, süni intellektin tədrisdə hansı məqsədlərə xidmət edə biləcəyini və hansı risklər yarada biləcəyini birgə müzakirələr vasitəsilə müəyyənləşdirirlər. Bu isə süni intellektə adaptasiyanın fərdi texnoloji seçimdən çox, peşəkar mühakimə və birgə düşünmə prosesi olduğunu göstərir.
Bu müşahidə süni intellektin müəllim hazırlığına inteqrasiyasının yalnız texniki bacarıqların öyrədilməsi ilə məhdudlaşdırılmasının yetərli olmadığını ortaya qoyur. Əsas diqqət müəllimin pedaqoji mühakiməsinin, kontekstual düşünməsinin və süni intellektin yaratdığı məzmunu tənqidi qiymətləndirmək bacarığının qorunmasına yönəlməlidir. Bu yanaşma texnologiyanı vahid və standart həll kimi deyil, müəllimin qərarvermə prosesini dəstəkləyən vasitə kimi dəyərləndirir.
Gənc tədqiqatçı vurğulayıb ki, ölkədə süni intellektin məsuliyyətli və insan mərkəzli istifadəsi yanaşması 19 mart 2025-ci il tarixində Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş “2025–2028-ci illər üçün Süni İntellekt Strategiyası” ilə həm nəzəri, həm də milli siyasət kontekstində aktuallığını və praktik əhəmiyyətini göstərir.
Burada əsas vurğu texnologiyanın müəllimi əvəz etməsinə deyil, onun peşəkar qərarvermə imkanlarını gücləndirməsinə yönəlir. Etik yanaşma, tənqidi qiymətləndirmə və kontekstin nəzərə alınması bu prosesin əsas prinsipləri kimi ön plana çıxır.
Sonda Murad Əliyev qeyd edib ki, süni intellekt müəllimi əvəz edən deyil və belə təqdim olunmamalıdır. O, müəllimin düşünmə prosesini dəstəkləyən, dərs dizaynını zənginləşdirən bir vasitə ola bilər. Texnologiya sürət və rahatlıq vədi ilə deyil, düşünmə və qərarvermə aləti kimi təqdim edildikdə təhsildə real və davamlı fayda yaradır.
“Bu prosesdə əsas fiqur yenə də müəllimdir. Süni intellekt isə onun yanında dayanmalı, yerinə keçməməlidir”.



