Rüfət Əzizov: Böyük bir olimpiada hərəkatı formalaşıb

9 İyun, 2026 - 17:03
Rüfət Əzizov: Böyük bir olimpiada hərəkatı formalaşıb

“Bu il 70 mindən çox şagird ölkənin müxtəlif məktəblərindən olimpiadalarda iştirak edib. Bu onu göstərir ki, artıq böyük bir olimpiada hərəkatı formalaşıb. Şagirdlər olimpiadalarda iştirak etməkdə, müəllimlər onları hazırlamaqda, məktəblər isə bu mühiti yaratmaqda maraqlıdırlar. Bu da özlüyündə çox müsbət bir göstəricidir”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru Rüfət Əzizov Respublika fənn olimpiadalarının (RFO) qaliblərinin mükafatlandırılması mərasimində səsləndirib.

Rektor bildirib ki, əvvəlki illərdə beynəlxalq olimpiadalarda medal qazanmaq böyük bir hadisə hesab olunurdu. Bu gün isə Azərbaycan şagirdlərinin beynəlxalq olimpiadalarda uğur qazanması artıq müəyyən mənada gözlənilən nəticəyə çevrilib: “Əlbəttə ki, bu uğurlar uzun illər ərzində aparılan sistemli işin nəticəsidir”.

R.Əzizov ADNSU-nun Azərbaycan sənaye, tətbiqi fəaliyyət və mühəndislik sahələrinin inkişafında xüsusi rolu olduğunu qeyd edərək bildirib ki, bu gün də universitetin məzunları dövlət və özəl sektorda, ölkənin aparıcı müəssisələrində fəaliyyət göstərirlər: “SOCAR, bp və digər iri sənaye müəssisələrində çalışan mütəxəssislər arasında universitetin çoxsaylı məzunları var. 
Onlar həm ölkəmizdə, həm də xaricdə ən yaxşı mühəndislər sırasında tanınırlar.

Ümumiyyətlə, mühəndislik məktəbinin formalaşması üçün ölkəmizdə çox böyük zəmin yaradılıb. Müxtəlif reytinqlərə görə, universitet regionun ən yaxşı mühəndislik universitetlərindən biri hesab olunur. Xüsusilə bəzi mühəndislik istiqamətləri üzrə beynəlxalq səviyyədə tanınmış nəticələr əldə edilib”.