Tacikistan 12 illik təhsil sisteminə keçir
Tacikistan Respublikasının Təhsil və Elm Nazirliyi ölkədə 12 illik ümumi təhsil sisteminə mərhələli keçid üçün hazırlıq işlərinə başlayıb.
“Azərbaycan müəllimi” Tacikistan KİV-ə istinadən xəbər verir ki, bu barədə təhsil və elm naziri Rahim Said-zoda mətbuat konfransında məlumat verib.
Nazir bildirib ki, keçid prosesinin səmərəli şəkildə həyata keçirilməsi məqsədilə aidiyyəti qurumların nümayəndələrindən ibarət işçi qrupu yaradılıb. İşçi qrupunun əsas vəzifələrinə əhatəli fəaliyyət planının hazırlanması, yeni təhsil proqramlarının tərtibi, təhsil müəssisələrinin hazır vəziyyətə gətirilməsi, pedaqoji kadrların hazırlanması, həmçinin ictimai maarifləndirmə və izahat işlərinin aparılması daxildir.
Nazir qeyd edib ki, hazırda Tacikistanda 180-dən artıq yeni tipli təhsil müəssisəsi fəaliyyət göstərir və 12 illik təhsil modelinin ilkin mərhələdə məhz bu müəssisələrdə pilot qaydada tətbiqi nəzərdə tutulur. Onun sözlərinə görə, bu məktəblər yeni modelin tətbiqi üçün daha geniş imkanlara və resurslara malikdir.
Təhsil və Elm Nazirliyi bildirib ki, keçid prosesi mərhələli şəkildə, geniş mütəxəssis çevrəsinin iştirakı ilə, milli maraqlar və beynəlxalq qabaqcıl təcrübə nəzərə alınmaqla həyata keçiriləcək.



