Tahir Mirkişili: Rəqəmsal iqtisadiyyatın kapitalı bilik və etimaddır
"Bu gün darmadağın olmuş ərazilərimizdə artıq 30-dan çox kənd və şəhər bərpa olunub. Bu ərazilərdə hazırda 50 minə yaxın sakin yaşayır və həmin ərazilər bəlkə də dünyanın ən inkişaf etmiş infrastrukturuna sahibdir".
"Azərbaycan müəllimi" xəbər verir ki, bu fikirləri "I Beynəlxalq Maliyyə, Mühasibatlıq, Audit və Rəqəmsallaşma" simpoziumunda Milli Məclisin deputatı Tahir Mirkişili səsləndirib.
Millət vəkili simpoziumun mövzusunun dünyanın gələcəyi və dəyərləri baxımından kifayət qədər aktual olduğunu qeyd edib.
"Dünyada rəqəmsallaşmanın hansı sahələri dəyişikliyə məruz qoyduğunu soruşsanız, bunun cavabı maliyyə, audit və mühasibatlıq olar. Klassik forması dəyişməsə, bu üç sahə gələcəkdə süni intellekt tərəfindən ən çox əvəzlənə biləcək istiqamətlər olacaq. Gələcəkdə dünyada iki cür ixtisas olacaq: rəqəmsallaşmanı bilərək onu köməkçi kimi istifadə edən və yaxud da rəqəmsallaşmaya köməkçi olan. Biz nə qədər süni intellektdən köməkçi kimi istifadə etməyi bacarsaq, o dərəcədə bizim imkanlarımız da dünyanı inkişaf etdirər. Yox, nə qədər süni intellektə tabe olsaq, gələcəkdə idarə olunan bir topluma çevrilərik. Ona görə mən sizin hər birinizə texnologiyaları öyrənməyi, onlardan istifadə etməyi tövsiyə edərdim".
Millət vəkili əlavə edib ki, əgər klassik iqtisadiyyatın kapitalı pul, torpaq və mülkiyyət idisə, rəqəmsal iqtisadiyyatın obyekti və kapitalı bilik və etimaddır:
“Bir məsələ də artıq realdır ki, kağız pullar gələcəkdə böyük ehtimalla olmayacaq, daha çox rəqəmsal alətdən istifadə ediləcək. Ola bilsin ki, gələcəkdə pul əvəzinə mübadilə vasitəsi kimi enerjidən istifadə olunsun".



