Tarix dərsliklərində bəzi mövzular ixtisar olunacaq
"Azərbaycan tarixin"də geniş şəkildə əhatə olunan bəzi mövzuların "Ümumi tarix" dərsliklərindən çıxarılması təklif olunub.
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Təhsil İnstitutunun Tarix fənni üzrə işçi qrupunun üzvü Ramil Tanrıverdi bir neçə gün öncə “Tarix fənninin məzmununda yeniliklər” mövzusunda keçirilən vebinarda bildirib.
O deyib ki, ortaq mövzular "Azərbaycan tarixi"ndə daha geniş yer aldığı üçün "Ümumi tarix"də əlavə yüklənməyə ehtiyac yoxdur.
Onun sözlərinə görə, orta əsrlər dövrünü əhatə edən Qaraqoyunlu, Ağqoyunlu, Səfəvi və Əfşarlar dövlətlərinin təkrar "Ümumi tarix"də tədris olunması şagirdlər üçün əlavə yüklənmə yaradır.
Həmçinin Samani və Oğuz dövlətləri haqqında məlumatların ixtisar edilməsi, eləcə də Çin, Yaponiya və Hindistan mövzularının azaldılması təklif edilib. Orta əsrlər dövründə və sonrakı dövrdə Anadolu Səlcuq Sultanlığı və Misir Məmlük dövlətlərinin tədrisə əlavə olunmasının isə məqsədəuyğun hesab edildiyi bildirilib.


