TAU-da hazırlanan kadrlar Azərbaycanın gələcək inkişafında fəal iştirak edəcəklər – Nazir müavini
Türkiyə-Azərbaycan Universitetində hazırda 300-ə yaxın tələbə təhsil alır.
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Firudin Qurbanov yeni tədris ilinin başlanılmasına həsr olunan tədbirdə bildirib.
Onun sözlərinə görə, universitetin tədris prosesinin təşkilində Türkiyənin üç aparıcı, Azərbaycanın isə iki universiteti əsas rol oynayacaq:
“İki ölkə prezidentinin təşəbbüsü ilə bu universitet yaradılıb. Çox qısa müddətdə əvvəl müvafiq memorandum imzalandı, sonra cənab Prezidentin fərmanı ilə dövlət strukturlarına universitetin yaradılması ilə bağlı müvafiq tapşırıqlar verildi. Bu gün burada 300-ə yaxın tələbə təhsil alır. Türkiyənin ən aparıcı üç universiteti və Azərbaycanın iki universiteti tədris prosesinin təşkilində əsas rol oynayacaq”.
Nazir müavini bildirib ki, birgə universitetin yaradılmasında əsas məqsədlərdən biri beynəlxalq inteqrasiya və akademik mobilliyin gücləndirilməsidir:
“Birgə universitetin yaradılması həm akademik mobilliyi, həm elmdə, həm də təhsildə inteqrasiya proseslərini gücləndirməyə imkan verir. Bu da müasir tələblərə cavab verən mütəxəssislərin hazırlanması baxımından çox əhəmiyyətlidir”.
F.Qurbanov universitetdə müasir texnologiyalar və süni intellektlə bağlı ixtisaslara üstünlük verilməsinin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb:
“Bizi yeni texnoloji çağırışlar gözləyir. Bunlar beşinci və altıncı texnoloji sistemlərlə əlaqələndirilir. Təxminən 10 ildən sonra bunun daha geniş miqyasda baş verəcəyi gözlənilir və əsas istiqamətlərdən biri insansız, robotlaşdırılmış sistemlərdir. Bu gün dünyada 4 milyondan çox robot, 600 mindən çox robotlaşdırılmış sistem mövcuddur. Buna hazır olmaq lazımdır. Nə yaxşı ki, Türkiyə-Azərbaycan Universitetində müasir texnologiyalar və süni intellektlə bağlı ixtisaslara daha çox üstünlük verilir”.
Nazir müavini əmin olduğunu bildirib ki, universitetdə hazırlanan kadrlar Azərbaycanın gələcək inkişafında fəal iştirak edəcəklər.




