Rektor: Tələbələrin qiymətləndirilməsi Türkiyə ali təhsil sisteminin meyarları əsasında aparılır

14 Yanvar, 2026 - 16:55
Rektor: Tələbələrin qiymətləndirilməsi Türkiyə ali təhsil sisteminin meyarları əsasında aparılır

"“Çətir universitet” modeli müasir ali təhsildə ən qabaqcıl yanaşmalardan biridir və onun mahiyyəti ondan ibarətdir ki, müxtəlif ölkələrin və aparıcı universitetlərinin ən güclü akademik sahələri vahid məqsəd, vahid idarəetmə və vahid keyfiyyət standartları altında birləşdirilir".

"Azərbaycan müəllimi" xəbər verir ki, bu fikirləri Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru, Türkiyə-Azərbaycan Universitetinin (TAU) rektoru vəzifəsini icra edən Vilayət Vəliyev "Xalq" qəzetinə müsahibəsində deyib.

Rektor bildirib ki, TAU-da bu model Türkiyənin və Azərbaycanın aparıcı ali məktəblərinin – ODTÜ, İTÜ, Hacettepe Universiteti və AzTU-nun ortaq akademik platformada birləşməsi formasında reallaşdırılıb: "TAU bu mənada ayrı-ayrı universitetlərin mexaniki cəmi deyil, onların ən güclü ixtisaslarının sintezi əsasında qurulan yeni nəsil modern universitet modelidir.

Bu modelin əsas fərqi ondadır ki, hər ixtisas sahəsi üzrə tədris həmin sahədə regional və beynəlxalq səviyyədə tanınmış akademik məktəbin proqramı əsasında aparılır: kompüter mühəndisliyində ODTÜ-nün, sənaye mühəndisliyində İTÜ-nün, qida mühəndisliyində isə Hacettepe Universitetinin proqramları tətbiq olunur. Bu yanaşma tələbələrə bir universitetin deyil, bir neçə aparıcı universitetin akademik mədəniyyətini və elmi ənənəsini eyni vaxtda əldə etmək imkanı verir və onları qlobal əmək bazarına daha hazırlıqlı çıxarır".

Rektorun sözlərinə görə, qəbul planı da bu modelin strateji mahiyyətini əks etdirir: "Semestrlər üzrə bütün qiymətləndirmə Türkiyə ali təhsil sisteminin meyarları əsasında aparılır. Bu, TAU-da keyfiyyətin və akademik ciddiliyin əsas prioritet olduğunu göstərir.

Son iki tədris ilinin və üç semestrdə aparılan qiymətləndirmələrin nəticələri təsdiq edir ki, bu model özünü doğruldur".