Tbilisidə 20 uşaq bağçasında qida zəhərlənməsi baş verib

18 Sentyabr, 2026 - 14:58
Tbilisidə 20 uşaq bağçasında qida zəhərlənməsi baş verib

Tbilisidə 20 uşaq bağçasında zəhərlənmə hadisəsi baş verib, nəticədə 55 uşaq və bir tərbiyəçi xəstəxanaya yerləşdirilib.

“Azərbaycan müəllimi” xəbər verir ki, Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətinin məlumatına görə, zəhərlənmə əlamətləri olan uşaqlar və tərbiyəçi Tbilisinin altı tibb müəssisəsinə müraciət edib.

Hadisə ilə bağlı İstintaq Xidməti insan həyatı və sağlamlığı üçün təhlükəli məhsulun hazırlanması, idxalı və ya satışının həyat və sağlamlığa təhlükə yaratması maddəsi ilə cinayət işi açıb. Araşdırma çərçivəsində gecə saatlarında dörd uşaq bağçasında, eləcə də bağçaları ərzaq məhsulları ilə təmin edən üç şirkətdə axtarış aparılıb. Hadisə qeydə alınan bağçalardan işə aid əşyalar, sənədlər və ərzaq məhsulları götürülüb.

İlkin məlumata görə, zəhərlənməyə bakterial infeksiya səbəb ola bilər. İnfeksiyanın mənbəyinin isə bağçalarda istifadə olunan qida məhsulları olduğu ehtimal edilir. Zəhərlənməyə səbəb olan konkret məhsulun araşdırma nəticəsində müəyyənləşdiriləcəyi bildirilib.