“Tədqiqat məktəbi” layihəsi çərçivəsində beynəlxalq mentorluq proqramı yekunlaşıb
Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin “Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi çərçivəsində “İnnovativ İnkişafa Dəstək” İctimai Birliyi tərəfindən həyata keçirilən “Tədqiqat məktəbi: Gənc alimlər üçün Beynəlxalq Akademik Mentorluq və Tədqiqat Proqramı” layihəsi çərçivəsində təşkil olunan təlim və mentorluq proqramı yekunlaşıb.
"Azərbaycan müəllimi" xəbər verir ki, layihəyə ümumilikdə 647 gənc tədqiqatçı müraciət edib. Seçim mərhələsinin nəticələrinə əsasən, 35 tədqiqatçı proqramda iştirak etmək hüququ qazanıb.
Proqramın əsas məqsədi gənc tədqiqatçıların elmi-tədqiqat və akademik yazı bacarıqlarını inkişaf etdirmək, onları beynəlxalq akademik mühitin tələblərinə hazırlamaq və müasir tədqiqat yanaşmaları ilə tanış etmək olub. Proqram çərçivəsində tədqiqat metodologiyası, tədqiqat suallarının hazırlanması, akademik yazı, elmi məqalələrin hazırlanması, beynəlxalq nəşr standartları, akademik etika, elmi nəticələrin təqdimatı və beynəlxalq indeksli jurnallarda nəşr imkanları üzrə təlimlər keçirilib. Təlimlər Azərbaycan İdman Akademiyasının əməkdaşı və Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi Rasim Həsənzadə, həmçinin Xəzər Universitetinin müəllimi Murad Əliyev və İstanbul Universitetinin doktorantı Abdulla Xanayev tərəfindən aparılıb.
Proqramın mühüm hissəsini beynəlxalq alimlərin iştirakı ilə keçirilən ustad dərsləri və mentorluq görüşləri təşkil edib. Türkiyənin və digər ölkələrin müxtəlif ali təhsil və elmi müəssisələrindən dəvət olunmuş professorlar öz elmi təcrübələrini gənc tədqiqatçılarla bölüşüblər. Türkiyə Respublikasının öndə gedən Marmara, Hacettepe və Sivas Cümhuriyyət Universitetlərindən dəvət olunmuş professorlar Meral Balcı, Səlahəddin Gelbal və Ali Çiçek, eləcə də Çin Xalq Respublikasından Çjetszyan Beynəlxalq Araşdırmalar Universitetindən dəvət olunmuş Dr. Vəfa Əsgərova proqramda iştirak edərək müxtəlif mövzular üzrə təqdimatlar və müzakirələr aparıblar. Eyni zamanda, ADA Universitetinin dosenti, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin Elmi Müəssisələrlə İş şöbəsinin müdiri İltifat İbrahimov da proqram çərçivəsində qonaq mühazirəçi qismində dəvət olunaraq iştirakçılarla öz akademik və peşəkar təcrübəsini bölüşüb.
Görüşlər zamanı iştirakçılar beynəlxalq akademik mühitdə tədqiqat aparmaq, elmi məqalə hazırlamaq və onu beynəlxalq jurnala təqdim etmək, həmçinin elmi əməkdaşlıq imkanları ilə bağlı suallarını ekspertlərə ünvanlayıblar. İştirakçılar öz tədqiqat mövzularını professor və tədqiqatçılarla müzakirə edərək onların təcrübə və tövsiyələrindən yararlanıblar.
Təlimlərin praktiki hissəsində iştirakçılar öz tədqiqatları üzərində işləyiblər. Onlar tədqiqat suallarını dəqiqləşdirib, metodologiyalarını nəzərdən keçirib, elmi məqalələrin quruluşu və akademik yazı qaydaları ilə bağlı praktiki tapşırıqlar yerinə yetiriblər. Bu yanaşma iştirakçılara təlim zamanı öyrəndiklərini öz tədqiqatları üzərində sınamaq imkanı verib.
İnteraktiv şəkildə keçirilən mentorluq görüşləri gənc tədqiqatçıların müxtəlif akademik yanaşmalarla tanış olmasına və öz tədqiqatları ilə bağlı yeni fikirlər əldə etməsinə şərait yaradıb. Beynəlxalq alimlərlə birbaşa ünsiyyət iştirakçılara elmi əməkdaşlıq və akademik şəbəkələşmə imkanları barədə daha ətraflı məlumat əldə etmək imkanı da verib.
35 gənc tədqiqatçının iştirak etdiyi proqramın sonunda iştirakçılar elmi-tədqiqat və akademik yazı üzrə biliklərini genişləndirib, beynəlxalq nəşr prosesinin əsas tələbləri ilə daha yaxından tanış olub və müxtəlif ölkələrdən olan alimlərin təcrübəsindən faydalanıblar. Proqramın nəticəsi olaraq iştirakçıların yüksək reytinqli elmi jurnallarda məqalələrinin nəşr olunması və akademik yazı sahəsində faydalı məlumatları əhatə edən “Akademik Yazı Bələdçisi” adlı kitabçanın hazırlanaraq çap olunması planlaşdırılır.
Qeyd edək ki, “Tədqiqat məktəbi: Gənc alimlər üçün Beynəlxalq Akademik Mentorluq və Tədqiqat Proqramı” Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin “Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi çərçivəsində həyata keçirilib. Layihənin məqsədi gənc alimlərin elmi potensialının inkişafına, tədqiqat və akademik yazı bacarıqlarının gücləndirilməsinə və onların beynəlxalq akademik mühitlə əlaqələrinin genişləndirilməsinə dəstək olmaqdır.




