Türkiyəli professor “Tədqiqat məktəbi”ndə gənc alimlərə ustad dərsi keçib
“Tədqiqat məktəbi: Gənc alimlər üçün beynəlxalq akademik mentorluq və tədqiqat proqramı” layihəsi çərçivəsində türkiyəli professor tərəfindən növbəti ustad dərsi keçirilib.
"Azərbaycan müəllimi" xəbər verir ki, “İnnovativ İnkişafa Dəstək” İctimai Birliyi tərəfindən həyata keçirilən layihənin qonağı Türkiyənin Marmara Universitetinin Siyasi elmlər fakültəsinin Beynəlxalq münasibətlər kafedrasının professoru, tanınmış tədqiqatçı Prof. Dr. Meral Balcı olub.
Tədbirdə elmi-tədqiqatların beynəlxalq standartlara uyğun aparılması, müasir sosial və humanitar elmlərdə aktual araşdırma istiqamətləri, akademik nəşrlərdə uğur qazanma yolları, eləcə də gənc tədqiqatçıların beynəlxalq elmi şəbəkələrə inteqrasiyası məsələləri ətrafında geniş fikir mübadiləsi aparılıb.
Prof. Dr. Meral Balcı çıxışında qlobal elmi mühitdə rəqabətqabiliyyətli tədqiqatların hazırlanmasının əhəmiyyətindən bəhs edib. O vurğulayıb ki, müasir dövrdə tədqiqatçılar yalnız nəzəri biliklərlə kifayətlənməməli, həm də analitik düşüncə, akademik yazı bacarıqları və beynəlxalq əməkdaşlıq kompetensiyalarını inkişaf etdirməlidirlər.
Seminar çərçivəsində iştirakçılarla sosial və humanitar elmlərdə tədqiqat metodologiyası, elmi məqalələrin hazırlanması, beynəlxalq indeksli jurnallarda nəşr imkanları, akademik etik prinsiplər və elmi fəaliyyətin inkişaf perspektivləri mövzularında müzakirələr aparılıb. İnteraktiv formatda keçirilən görüşdə gənc tədqiqatçıların çoxsaylı sualları cavablandırılıb, beynəlxalq akademik təcrübələr və uğurlu tədqiqat nümunələri iştirakçılarla bölüşülüb. Seminar iştirakçılara beynəlxalq elmi mühitin tələbləri və müasir akademik fəaliyyətin prioritetləri barədə ətraflı məlumat əldə etmək imkanı yaradıb.
Tədbirin sonunda iştirakçılar qonaq professorla xatirə fotosu çəkdirib, gələcək elmi əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparıblar.
Layihənin əsas məqsədi gənc tədqiqatçıların elmi-tədqiqat bacarıqlarının inkişafına, onların beynəlxalq akademik mühitə inteqrasiyasına və elmi fəaliyyətlərinin keyfiyyətinin artırılmasına dəstək göstərməkdir. Layihə çərçivəsində təşkil olunan seminar və mentorluq görüşləri iştirakçıların müxtəlif ölkələrdən olan alimlər və ekspertlərlə birbaşa ünsiyyət qurmasına, onların təcrübəsindən faydalanmasına şərait yaradır.
Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin “Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi çərçivəsində həyata keçirilir.




