Tədris digər dillərdə aparılan V-VI siniflərdə Azərbaycan tarixi dövlət dilində keçiriləcək

22 Avqust, 2025 - 11:47
Tədris digər dillərdə aparılan V-VI siniflərdə Azərbaycan tarixi dövlət dilində keçiriləcək
Tədris digər dillərdə aparılan V-VI siniflərdə Azərbaycan tarixi dövlət dilində keçiriləcək

2025-2026-cı tədris ilindən bütün ümumi təhsil müəssisələrinin V-VI siniflərində Azərbaycan tarixi fənni Azərbaycan dilində tədris ediləcək.

"Azərbaycan müəllimi" xəbər verir ki, bu, "Ümumi təhsil müəssisələrinin 2025-2026-cı tədris ili üçün tədris planlarının təsdiqi barədə" elm və təhsil nazirinin əmrindəki tədris planlarına dair qeydlərdə öz əksini tapıb.

Qeyd edək ki, Azərbaycan dilinin milli dövlətçiliyin başlıca rəmzlərindən biri kimi istifadəsi, tətbiqi imkanlarının genişləndirilməsi, digər dillərdə təhsil alanların dövlət dili kimi Azərbaycan dilinə, Azərbaycanın tarixinə, milli-mənəvi dəyərlərə hörmət ruhunda tərbiyə olunmasını təmin etmək məqsədilə 2022-2023-cü tədris ilində 20 ümumi təhsil müəssisəsinin tədris digər dillərdə olan V siniflərində Azərbaycan tarixinin Azərbaycan dilində tədrisi həyata keçirilib. Tədris ilinin sonunda həmin 20 məktəbin pilot nəticələri təhlil edilmiş və ümumi nəticələr qənaətbəxş hesab edildiyindən 2023-2024-cü tədris ili üçün ümumi təhsil müəssisələrinin əhatə dairəsi genişləndirilərək 100 ümumi təhsil müəssisəsində, 2024-2025-ci tədris ilindən ölkədə bütün V siniflərdə Azərbaycan tarixi fənni Azərbaycan dilində tədris edilib. Ümumilikdə tədris prosesi qənaətbəxş hesab edilib.