Tədris ilinin başlanılması ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edildi

14 Sentyabr, 2026 - 10:14
Tədris ilinin başlanılması ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edildi

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) yeni tədris ilinin başlanması ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edib.

"Azərbaycan müəllimi" xəbər verir ki, müraciətdə tədris prosesinin başlanması ilə yollarda, xüsusilə səhər və axşam saatlarında hərəkət intensivliyinin artması, məktəb, bağça və digər təhsil müəssisələrinin ətrafında sıxlığın yaranmasının gözlənildiyi açıqlanıb.

Qeyd edilib ki, belə şəraitdə hər bir hərəkət iştirakçısının daha diqqətli və məsuliyyətli davranması vacibdir.

Təhsil müəssisələrinin yaxınlığında sürət əvvəlcədən azaldılmalı, piyada keçidlərinə xüsusi diqqət yetirilməli, avtomobillər ikinci cərgədə, piyada keçidlərinin üzərində və hərəkətə maneə yaradan digər yerlərdə saxlanılmamalıdır.

Valideynlər uşaqları məktəbə gətirib-apararkən avtomobilləri yalnız təhlükəsiz və icazə verilən yerlərdə saxlamalı, onların nəqliyyat vasitəsindən səki istiqamətində düşüb-minməsinə nəzarət etməlidirlər.

Şagirdlər yolu yalnız müəyyən edilmiş yerlərdən keçməli, dayanmış avtomobillərin arasından qəfil yola çıxmamalı, hərəkət zamanı mobil telefon və qulaqlıq kimi diqqəti yayındıran vasitələrdən istifadə etməməlidirlər:

“Unutmayaq ki, valideynlərin yol hərəkətində nümayiş etdirdiyi davranış uşaqlar üçün ən təsirli nümunədir. Övladlarımızdan qaydalara əməl etməyi tələb ediriksə, ilk növbədə bunu öz davranışımızla göstərməliyik. BDYPİ hər kəsi yeni tədris ilinin ilk günlərindən yollarda diqqətli, səbirli və məsuliyyətli olmağa çağırır. Məktəbə gedən hər bir uşağın təhlükəsizliyi hamımızın ortaq məsuliyyətidir”.