“Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları”nda dəyişiklik edilib

2 Dekabr, 2025 - 17:21
“Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları”nda dəyişiklik edilib

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 28 sentyabr tarixli 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları”nda dəyişiklik edilib.

"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov Qərar imzalayıb. 

Qərarda deyilir: 

"Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 28 sentyabr tarixli 167 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 9, maddə 833 (Cild I); 2024, № 3, maddə 307, № 5 (II kitab), maddə 612) ilə təsdiq edilmiş “Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 4.16-cı bənddən “aşağıdakı kimi” sözləri çıxarılsın və həmin bəndin sonunda nöqtəli vergül işarəsi nöqtə işarəsi ilə əvəz edilsin.
2. 4.16.1-4.16.4-cü yarımbəndlər ləğv edilsin.
3. Aşağıdakı məzmunda 4.16-1-ci bənd əlavə edilsin:
“4.16-1. Akkreditasiya Meyarları üçün maksimum bal ölçüsü hər bir meyar üzrə indikatorların sayından və hər bir indikator üzrə müəyyən edilən maksimum baldan asılı olaraq hesablanır.”.
4. 4.17-ci bənd aşağıdakı redaksiyada verilsin:
“4.17. Təhsil müəssisəsi və ya təhsil proqramı üçün maksimum bal ölçüsü Akkreditasiya Meyarları üzrə hesablanmış maksimum balların toplanmasından ibarətdir. Təhsil müəssisəsi və ya təhsil proqramı üçün müəyyən olunmuş maksimum bal ölçüsünün akkreditasiya zamanı toplanılan bal üzrə qiymətləndirilməsi aşağıdakı qaydada müəyyənləşdirilir:
4.17.1. maksimum balın 85-100 faizi - “uyğundur”;
4.17.2. maksimum balın 70-84 faizi - “əsasən uyğundur”;
4.17.3. maksimum balın 55-69 faizi - “qismən uyğundur”;
4.17.4. maksimum balın 54 və daha aşağı faizi - “uyğun deyil”.”.
5. 4.23-cü bəndin birinci cümləsinə “1 (bir) ay müddətində” sözlərindən sonra “, əlavə araşdırmaların aparılması zərurəti yarandıqda isə 2 (iki) ay müddətində” sözləri əlavə edilsin və həmin bəndin ikinci cümləsi çıxarılsın.
6. 4.30-cu bənd aşağıdakı redaksiyada verilsin:
“4.30. Akkreditasiya Şurası Agentliyin təqdimatı əsasında Yekun Hesabatı müzakirə edir və Akkreditasiya Komissiyasının rəyini nəzərə alaraq aşağıdakı qərarlardan birini qəbul edir:
4.30.1. təhsil müəssisəsi və ya təhsil proqramı “uyğundur” və ya “əsasən uyğundur” qiymətləndirildikdə (təhsil müəssisəsi üzrə təlim və tədris istiqaməti, təhsil proqramı üçün tədrisin təşkili meyarı üzrə müəyyən olunmuş maksimum bal ölçüsünün toplanılan bal üzrə qiymətləndirilməsi 70 faiz və ya yuxarı olması şərtilə), təhsil müəssisəsini və ya təhsil proqramını növbəti 5 (beş) il üçün tam akkreditasiya olunmuş hesab etmək;
4.30.2. təhsil müəssisəsi və ya təhsil proqramı ilk dəfə keçirilən akkreditasiya qiymətləndirilməsinin nəticəsində “qismən uyğundur” hesab edildikdə (təhsil müəssisəsi üzrə təlim və tədris istiqaməti, təhsil proqramı üçün tədrisin təşkili meyarı üzrə müəyyən olunmuş maksimum bal ölçüsünün toplanılan bal üzrə qiymətləndirilməsi 65 faiz və ya yuxarı olması şərtilə), təhsil müəssisəsinə akkreditasiya zamanı aşkar olunmuş çatışmazlıqların aradan qaldırılması və fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə vaxt verməklə təhsil müəssisəsini və ya təhsil proqramını 2 (iki) ildən sonra təkrar akkreditasiya etmək;
4.30.3. əvvəlki dövrdə akkreditasiyadan keçmiş təhsil müəssisəsi və ya təhsil proqramı akkreditasiya qiymətləndirilməsinin nəticəsində “qismən uyğundur” hesab edildikdə (təhsil müəssisəsi üzrə təlim və tədris istiqaməti, təhsil proqramı üçün tədrisin təşkili meyarı üzrə müəyyən olunmuş maksimum bal ölçüsünün toplanılan bal üzrə qiymətləndirilməsi 65 faiz və ya yuxarı olması şərtilə), qüvvədə olan akkreditasiya şəhadətnaməsinin müddətini növbəti 2 (iki) il üçün uzatmaqla təhsil müəssisəsini və ya təhsil proqramını 2 (iki) ildən sonra təkrar akkreditasiya etmək;
4.30.4. təkrar akkreditasiya nəticəsində təhsil müəssisəsinin və ya təhsil proqramının bu Qaydaların 4.30.1-ci yarımbəndində göstərilən tələblərə cavab vermədiyi müəyyən edildikdə, təhsil müəssisəsini və ya təhsil proqramını akkreditasiya olunmuş hesab etməmək;
4.30.5. təhsil müəssisəsi və ya təhsil proqramı “qismən uyğundur” (təhsil müəssisəsi üzrə təlim və tədris istiqaməti, təhsil proqramı üçün tədrisin təşkili meyarı üzrə müəyyən olunmuş maksimum bal ölçüsünün toplanılan bal üzrə qiymətləndirilməsi 65 faizdən aşağı olması şərtilə) və ya “uyğun deyil” qiymətləndirildikdə, təhsil müəssisəsini və ya təhsil proqramını akkreditasiya olunmuş hesab etməmək.”.
7. 4.31-ci bəndin birinci cümləsində “təhsil müəssisəsini və ya təhsil proqramlarını akkreditasiya etmək” sözləri “təhsil müəssisəsinin və ya təhsil proqramlarının akkreditasiyası” sözləri ilə, “akkreditasiya olunması” sözləri “akkreditasiyası” sözü ilə əvəz edilsin.
8. 4.32-ci bəndin ikinci cümləsində “2 (iki) il ərzində” sözləri “2 (iki) ildən sonra” sözləri ilə əvəz edilsin.
9. 4.34-cü bənddə “qəbulu dayandırılır” sözləri “qəbulunun azaldılması və ya dayandırılması məsələsinə baxılır” sözləri ilə əvəz edilsin.
10. 4.36-cı bənddə “4.30.2-ci” sözləri “4.30.1-ci” sözləri ilə əvəz edilsin.
11. 4.37-ci bənd aşağıdakı redaksiyada verilsin:

“4.37. Akkreditasiya qiymətləndirilməsinin nəticəsi olaraq bu Qaydaların 4.30.4-cü və 4.30.5-ci yarımbəndlərində göstərilən hallar üzrə təhsil müəssisəsinin və ya təhsil proqramının akkreditasiyadan keçməməsi barədə qərarlar qəbul edildikdə Nazirlik tərəfindən müəssisənin təhsil fəaliyyətinin və ya təhsil proqramlarının icrasının dayandırılması üçün müvafiq tədbirlər görülür, təhsil müəssisəsinin yenidən təşkili və ləğvi barədə müvafiq qaydada təkliflər verilir.

Təhsil müəssisəsində təhsilalanların Nazirlik tərəfindən müəyyən edilən digər təhsil müəssisələrinə köçürülməsi təmin edilir. Agentlik dəymiş ziyanın fəaliyyətinə xitam verilmiş təhsil müəssisəsi tərəfindən ödənilməsi barədə məhkəmədə iddia qaldırır.”.