Təhsil nəticələri yüksək olan cəmiyyətlərdə cinayət səviyyəsi aşağı olur – Nazir müavini
“Hər bir təhsil sisteminin gücü onun müəlliminin gücündən artıq ola bilməz. Əgər Azərbaycan müəllimi güclüdürsə, bu, ölkənin gücü, ölkənin gələcəyi deməkdir”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri elm və təhsil nazirinin müavini Kənan Kərimzadə “TəhsilPlus kartı: təhsil işçiləri üçün yeni imkanlar” adlı tədbirdə səsləndirib.
Nazir müavininin sözlərinə görə, təhsil elə sahələrdəndir ki, o, müsbət kənar təsirlər yaradır: “Müsbət kənar təsir o deməkdir ki, bir sinif otağına daxil olan, bir təhsil prosesində iştirak edən insan təkcə özü bu prosesdən yararlanmır. O, həmin sinifdən çıxarkən öz ətrafını da maarifləndirir, aydınladır. Bu mənada təhsil sahəsinin vacib əhəmiyyətini bir daha vurğulamaq istərdim”.
Kənan Kərimzadənin sözlərinə görə, təhsil nəticələri yüksək olan cəmiyyətlərdə cinayət səviyyələri aşağı olur: “Təhsilin güclü olduğu ölkələrdə iqtisadi rifah daha yüksək iqtisadi artım nəticələri ilə müşahidə olunur. Bütün bu məsələlər bu gün məhz Azərbaycan dövlətinin və hökumətin diqqətindədir”.



