Təhsil sahəsində qanun pozuntuları: kim nə qədər cərimə olunur?

31 İyul, 2026 - 13:52
Təhsil sahəsində qanun pozuntuları:

Təhsil cəmiyyətin inkişafını müəyyən edən ən vacib sahələrdən biri olduğuna görə bu istiqamətdə hüquqi tənzimləmənin təmin edilməsi xüsusi əhəmiyyət daşıyır. Təhsil haqqında qanunvericilik yalnız təhsilalanların, təhsilverənlərin və təhsil müəssisələrinin hüquq və vəzifələrini müəyyən etmir, eyni zamanda bu normaların pozulmasına görə hüquqi məsuliyyət mexanizmlərini də nəzərdə tutur. Qanunvericiliyin tələblərinin pozulması təhsil prosesinin keyfiyyətinə, şəffaflığına və iştirakçıların hüquqlarının qorunmasına mənfi təsir göstərə bilər. Məhz buna görə də Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində təhsil sahəsində yol verilən bir sıra qanun pozuntularına görə inzibati məsuliyyət müəyyən edilib. Bəs hansı hərəkətlər təhsil haqqında qanunvericiliyin pozulması hesab olunur, bu hallara görə hansı cərimələr və digər inzibati tədbirlər tətbiq edilir?

“Azərbaycan müəllimi” xəbər verir ki, təhsil haqqında qanunvericiliyin pozulması İnzibati Xətalar Məcəlləsinin 181-ci maddəsi ilə tənzimlənir.

Belə ki, təhsil haqqında qanunvericiliyin pozulmasına, yəni şəxsin təhsil hüququndan məhrum edilməsinə, təhsilalanların təhsil prosesi ilə bağlı olmayan işlərə və tədbirlərə cəlb edilməsinə, dövlət təhsil və elmi tədqiqat qrantlarının verilmə məqsədlərinə uyğun gəlməyən fəaliyyət sahələrinin maliyyələşdirilməsinə yönəldilməsinə görə müvafiq cərimə tətbiq edilir.

Qeyd edilən inzibati xətalardan biri törədildikdə fiziki şəxslər yüz manat, vəzifəli şəxslər üç yüz manat, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir.

Həmçinin məcəllənin 182-ci maddəsində insanın immunçatışmazlığı virusuna yoluxması səbəbinə görə təhsil hüququnun pozulması zamanı nəzərdə tutulan cərimə məbləği qeyd edilir.

Maddəyə görə, şəxsin immunçatışmazlığı virusuna yoluxması səbəbinə görə özünün yaxud ailə üzvlərinin təhsil almaq hüququnun məhdudlaşdırılmasına, təhsil müəssisələrinə qəbulundan imtina olunmasına və ya onların istənilən tədbirlərdə iştirakına məhdudiyyət qoyulmasına, yaxud təhsil müəssisəsindən xaric edilməsinə görə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.