Tələbələr universiteti yenidən qursaydılar, nələri dəyişərdilər? – Sorğu
Bir tələbə üçün müasir universitet necə olmalıdır: daha çox praktiki dərslər keçirilməli, sərbəst seçim imkanları yaradılmalı, yoxsa real iş mühitinə yaxın təhsil sistemi təşkil edilməlidir? Əslində, tələbələrin gözləntiləri bunlarla məhdudlaşmır. Onlar universitetin yalnız nəzəri bilik verən deyil, həm də gələcək peşə həyatına hazırlayan, fərdi inkişafı dəstəkləyən və təşəbbüslərə imkan yaradan bir mühit olmasını istəyirlər. Bəs tələbələr ideal universitet modelini necə təsəvvür edir, ali təhsil müəssisələrində ilk növbədə hansı dəyişiklikləri görmək istərdilər?
“Azərbaycan müəllimi” bu suallara cavab tapmaq üçün tələbələr arasında sorğu keçirib.
“Praktiki yönümlü dərslər nəzəri biliklərin real iş şəraitində tətbiqinə imkan yaradar”
Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin tələbəsi Banuçiçək Qurbanova bildirib ki, müasir universitet tam olaraq tələbəyönümlü olmalıdır:
“Müəllimlər dərs prosesində tələbələrin maraq və ehtiyaclarını nəzərə almalı, onların daha rahat öyrənə bilməsi üçün fərqli və uyğun tədris üsullarından istifadə etməlidirlər. Tələbələrin fikirlərinə və təkliflərinə də önəm verilməli, onların universitet həyatında daha fəal iştirakı təmin olunmalıdır.
Fərqli fakültələrdə təhsil alan tələbələr arasında daha çox ünsiyyət və əməkdaşlığın olmasını istərdim. Bu, tələbələrin yeni insanlarla tanış olmasına, fərqli sahələr haqqında məlumat əldə etməsinə və təcrübə mübadiləsi aparmasına kömək edərdi. Həmçinin dərslərin daha çox praktiki yönümlü olması tələbələrin nəzəri biliklərini real iş şəraitində tətbiq etməsinə imkan yaradardı”.
“Tələbələrin layihələrə cəlb olunması zəruridir”
BDU-nun Jurnalistika fakültəsinin digər tələbəsi Fidan Ağayevanın fikrincə, universitetdə yalnız nəzəri biliklərin öyrədilməsi kifayət deyil:
“Tələbə öyrəndiyi məlumatları praktikada da tətbiq edə bilməlidir. Buna görə də tələbələrin tez-tez praktikaya göndərilməsi, müxtəlif layihələrə cəlb olunması zəruridir. Hazırda əsas problemlərdən biri nəzəriyyə ilə praktika arasında müəyyən boşluğun olmasıdır. Məncə, bu problemi həll etmək üçün universitetlər müxtəlif şirkət və təşkilatlarla əməkdaşlıq etməli, tələbələrə daha çox real iş mühitində təcrübə qazanmaq imkanı yaratmalıdır.
İmkanım olsaydı, ilk növbədə praktiki dərslərin sayını artırardım. Çünki yalnız nəzəri bilikləri öyrənmək müəyyən müddətdən sonra tələbələr üçün sıxıcı ola bilər. Eyni zamanda, praktika nəzəri biliklərin daha yaxşı mənimsənilməsinə və möhkəmlənməsinə kömək edir. Məncə, hazırda əsas çatışmazlıqlardan biri tələbələrin öyrəndiklərini real şəraitdə tətbiq etmək imkanlarının az olmasıdır. Əgər mən bu sahədə qərar verən şəxs olsaydım, tələbələrin ixtisaslarına uyğun müəssisələrdə təcrübə keçməsini təmin edərdim”.
“Təkcə sonuncu semestrdə praktikanın olması yetərli deyil”
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “İnformasiya təhlükəsizliyi” ixtisası üzrə SABAH qrupunun IV kurs tələbəsi Nihat Kazımzadə qeyd edib ki, təhsil ocaqları nəzəri biliklərdən çox praktiki biliklərin öyrədilməsinə diqqət yetirməlidirlər:
“Hər ixtisasın təkcə sonuncu semestrində praktika olması yetərli deyil, ona görə də ən gec ikinci kursdan praktiki biliklər öyrədilməlidir. Fikrimcə, universitetlərdə hər ixtisasa uyğun, istər dövlət, istərsə də özəl sektorun mərkəzləri olmalıdır ki, tələbələri praktiki biliklərlə təmin etsinlər.
İxtisasımız üzrə real həyatda qarşılaşa biləcəyimiz çətinlikləri necə həll etməyimiz daha effektiv şəkildə öyrədilə bilər. Bunun üçün də praktiki dərslərin sayını artırmaq, habelə daha çox praktiki sessiyalar, təlimlər təşkil edilməlidir”.
“Tələbələrin araşdırma aparması üçün şərait yaradılmalıdır”
Gəncə Dövlət Universitetinin Tarix və coğrafiya fakültəsinin tələbəsi Aynişan Ələkbərovanın sözlərinə görə, müasir universitet modeli nəzəri təhsillə praktiki təhsilin vəhdətinə əsaslanmalıdır:
“Tələbələrə yalnız dərsliklərdən məlumat öyrətmək kifayət deyil, onlar həmin bilikləri real həyatda necə tətbiq etməyi də bacarmalıdırlar. Bunun üçün dərslərdə praktiki məşğələlərə, seminar və layihələrə daha çox yer ayrılmalı, tələbələr müxtəlif təcrübə proqramlarına cəlb olunmalıdırlar. Eyni zamanda, tələbələrin sərbəst düşünməsi, araşdırma aparması və öz fikirlərini rahat ifadə etməsi üçün şərait yaradılmalıdır. Belə olduqda tələbələr universiteti bitirərkən həm nəzəri biliklərə, həm də gələcək iş həyatında lazım olacaq bacarıqlara sahib olarlar.
İmkanım olsaydı, ilk növbədə dərslərin keçirilmə formasında və tələbələr üçün yaradılan şəraitdə dəyişiklik edərdim. İstərdim ki, dərslər daha çox müzakirə və praktiki fəaliyyət üzərində qurulsun, tələbələrin fikirlərinə və təkliflərinə daha çox diqqət yetirilsin. Həmçinin imtahanlarda yalnız əzbərçiliyə deyil, həqiqi bilik və anlayışa üstünlük verilsin. Mənim üçün rahat universitet mühiti müasir və təmiz auditoriyaların, yaxşı təchiz olunmuş kitabxananın, sürətli internetin və tələbələrin dərs oxuya, istirahət edə biləcəyi məkanların olduğu bir mühitdir. Bundan əlavə, müəllimlərlə tələbələr arasında qarşılıqlı hörmət və anlayış olmalıdır. Düşünürəm ki, bütün bunlar tələbələrin universitet həyatına marağını artırar və onların daha yaxşı nəticə göstərməsinə kömək edər”.
“Qaiblərin davamiyyət balına mənfi təsir etməsi qaydasını dəyişərdim”
Xəzər Universitetinin Filologiya fakültəsinin tələbəsi Humay Abdullayeva qeyd edib ki, müasir universitetlər yalnız nəzəri biliklərin verildiyi təhsil müəssisələri olmamalıdır:
“Universitetdə tələbələri gələcək peşə həyatına hazırlayan, onların potensialını üzə çıxaran, özlərini və bacarıqlarını kəşf etdirən bir mühit olmalıdır. Məncə, bunun üçün nəzəri dərslərlə yanaşı, praktiki işlərə, real layihələrə, təcrübə proqramlarına və müxtəlif sahələrdən olan mütəxəssislərlə görüşlərə daha çox yer verilməlidir. Məsələn, jurnalistika təhsili alan tələbə yalnız jurnalistikanın nəzəriyyəsini öyrənməməlidir, eyni zamanda reportaj hazırlamalı, müsahibələr götürməli, kamera qarşısında çıxış etməli və real media mühitini təcrübədən keçirməlidir. Çünki real iş mühiti insandan nəzəri bilikdən çox praktika tələb edir.
İmkanım olsaydı, ilk növbədə, əksər universitetlərdə tətbiq olunan qaiblərin davamiyyət balına mənfi təsir etməsi qaydasını dəyişərdim. Düşünürəm ki, davamiyyəti yüksək səviyyədə saxlamaq üçün müəyyən qaib limitinin olması yaxşıdır. Lakin tələbənin semestr ərzində topladığı davamiyyət balının hər qaibə görə azalmasını o qədər də uğurlu yanaşma hesab etmirəm. Çünki bəzən tələbənin dərsdə iştirak edə bilməməsi onun dərsə və təhsilinə məsuliyyətsiz yanaşması ilə bağlı olmur. Məncə, bu məsələdə tələbələrin fərdi vəziyyətləri də nəzərə alınmalıdır”.
“Klassik sistem yerinə müzakirələr, simulyasiyalar üzərində qurulmuş bir proqram istərdim”
Azərbaycan Memarlıq və İnşaat Universitetində “Biznesin idarə edilməsi” ixtisası üzrə təhsil alan Emil İsmayılovun sözlərinə görə, bu gün təkcə dərslik oxumaqla uğurlu karyera qurmaq qeyri-mümkündür:
“Xüsusilə “Biznesin idarə edilməsi” ixtisası kimi dinamik sahədə təhsil alan tələbələr üçün nəzəriyyə ilə praktikanın balansı ciddi əhəmiyyət daşıyır. Müasir bir universitet sadəcə diplom verən mərkəz deyil, tələbəni birbaşa iş dünyasına hazırlayan platforma olmalıdır. Dərslər şirkətlərin real uğursuzluq və uğur hekayələri üzərində qurulmalı, tələbələr virtual biznes oyunları ilə qərar verməyi öyrənməlidirlər. Universitet modeli nə qədər mükəmməl olsa da, hər şey tələbənin özündən başlayır. Birinci kursdan etibarən universitet klublarında aktiv olmaq, layihələr idarə etmək lazımdır.
Mən dərsliklərin əzbərlənməsinə əsaslanan klassik sistem yerinə tamamilə müzakirələr, layihələr və rəqəmsal biznes simulyasiyaları üzərində qurulmuş bir proqram istərdim. Hər bir tələbə öz maraq dairəsinə uyğun fənləri sərbəst seçə bilməlidir. İdeal təhsil mühitində böyük şirkətlərin nümayəndələri universitetdə sadəcə qonaq olmamalı, dərslərin və laboratoriyaların birbaşa iştirakçısı olmalıdırlar”.
“Tələbələrin səmərəli vaxt keçirə biləcəyi şərait daha da yaxşılaşdırılmalıdır”
Azərbaycan Dövlət Pedaqoji Universitetində “Təhsil menecmenti” ixtisası üzrə magistratura səviyyəsində təhsil alan Nərgiz Bəhmənlinin fikrincə, təhsil aldığı müddətdə yalnız nəzəri biliklər əldə etməyə deyil, həm də bu bilikləri real iş mühitində tətbiq etməyin yollarını öyrənməyə çalışır:
“Hesab edirəm ki, müasir təhsil yalnız məlumat ötürmək deyil, eyni zamanda tələbələrdə müstəqil düşünmə, problem həll etmə, qərarvermə və təşəbbüskarlıq bacarıqlarını inkişaf etdirmək prosesidir.
Mənim ilk təklifim tələbələrin beynəlxalq layihələrə, akademik mübadilə proqramlarına və müxtəlif beynəlxalq təhsil təşəbbüslərinə daha fəal cəlb olunması olardı. Bu, tələbələrə yalnız yeni biliklər qazandırmaz, həm də fərqli ölkələrin təhsil sistemlərini yaxından tanımaq imkanı verərdi.
İkinci təklifim ixtisasımızın xüsusiyyətləri ilə bağlıdır. Biz “Təhsil menecmenti” ixtisasında təhsil aldığımız üçün nəzəri biliklərimizi real təhsil müəssisələrində tətbiq etmək imkanlarımızın genişləndirilməsini vacib hesab edirəm. Məsələn, tələbələr məktəblərə, təhsil mərkəzlərinə, peşə təhsili müəssisələrinə və digər təhsil qurumlarına təşkil olunmuş səfərlərə yönləndirilə bilərlər. Bu səfərlər zamanı onların idarəetmə prosesləri, qərarvermə mexanizmləri və gündəlik fəaliyyətlərlə tanış olması faydalı olardı”.
Bakı Mühəndislik Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin tələbəsi Rəşidə Tağıyeva bildirib ki, universitet sadəcə dərs keçilən, imtahan verib qiymət aldığımız bir yer olmamalıdır:
“Universitet bizi gələcək həyata və iş həyatına hazırlamalıdır. Düşünürəm ki, nəzəriyyə ilə praktika arasında balans olmalıdır. Məsələn, dərsdə öyrəndiyimiz məlumatları real həyatdan nümunələrlə tətbiq etməli, müxtəlif layihələrdə iştirak etməliyik. Həmçinin tələbələrə öz fikirlərini sərbəst ifadə etmək, müzakirələr aparmaq və fərqli düşünmək imkanı verilməlidir. Mənim üçün yaxşı universitet tələbəyə sadəcə diplom yox, düşünməyi və özünü inkişaf etdirməyi öyrədən təhsil müəssisəsidir.
İmkanım olsaydı, ilk növbədə tələbələrin universitetdə keçirdikləri vaxtı daha səmərəli etməyə çalışardım. Məncə, dərs saatlarından əlavə, tələbələrin universitetdə səmərəli vaxt keçirə biləcəyi şərait daha da yaxşılaşdırılmalıdır. Məsələn, müstəqil dərs oxumaq, qrup şəklində layihələr hazırlamaq və asudə vaxt keçirmək üçün daha geniş və rahat məkanlar olmasını istəyərdim. Mənim üçün ideal universitet tələbənin özünü rahat hiss etdiyi, vaxtını düzgün dəyərləndirə bildiyi və hər gün yeni nəsə öyrənmək həvəsi ilə gəldiyi bir yer olmalıdır”.




