BANM-də İspaniya nümayəndə heyəti ilə görüş keçirilib
İspaniyanın nüfuzlu IE Universitetinin rəhbərliyi Bakı Ali Neft Məktəbində olub.
"Azərbaycan müəllimi" xəbər verir ki, İspaniya nümayəndə heyətinin tərkibində IE Universitetinin prezidenti Santiago Iniguez de Onzono, universitetin Məqsəd və Dayanıqlılıq üzrə baş direktoru İsabela Alcazar, Korporativ Əlaqələr üzrə İcraçı sədri, IE Liderlik Mərkəzinin (Ər-Riyad) Baş icraçı direktoru və IE Azərbaycan Mərkəzinin Baş icraçı direktoru Villiam Davila, IE Azərbaycan Mərkəzinin vitse-prezidenti Maria Cabiol Sanz, “South Summit” şirkətinin baş icraçı direktoru Naço Mateo, həmçinin İspaniya Krallığının Azərbaycan Respublikasındakı müvəqqəti işlər vəkili Xose Pedro Torrubia Asenjo yer alıblar.
Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov qonaqları salamlayaraq onlara ali təhsil müəssisəsinin fəaliyyəti, müasir tədris infrastrukturu, beynəlxalq əməkdaşlıq əlaqələri və tələbələr üçün yaradılan geniş imkanlar haqqında ətraflı məlumat verib.
Daha sonra nümayəndə heyəti BANM tələbələri ilə görüşüb. IE Universitetinin prezidenti Santiago Iniguez de Onzono idarəetmə fəlsəfəsi, onun gündəlik həyatda tətbiqi və süni intellektin müasir dünyada rolu barədə fikirlərini bölüşüb, tələbələrin suallarını cavablandırıb.
Görüşün sonunda Santiago Iniguez de Onzono müəllifi olduğu kitabı tələbələrimizə hədiyyə edib.




