Tələbənin akademik işi özü hazırladığını necə müəyyən etmək olar? 

3 Noyabr, 2026 - 09:36
Tələbənin akademik işi özü hazırladığını necə müəyyən etmək olar? 

Ali təhsil müəssisələrində akademik dürüstlüyün qorunması tədris prosesinin keyfiyyəti və tələbələrin əldə etdiyi nəticələrin obyektiv qiymətləndirilməsi baxımından vacib məsələdir. Tələbələrin yazılı tapşırıqları, layihələri və digər akademik işləri hazırlayarkən plagiata yol verməməsi, süni intellekt alətlərindən istifadə qaydalarına əməl etməsi bu sahədə nəzarət mexanizmlərinin əhəmiyyətini artırır. Mövcud yoxlama üsullarının akademik saxtakarlığın bütün formalarını aşkar etmək baxımından nə dərəcədə effektiv olduğu isə ayrıca müzakirə mövzusudur.

Məsələ ilə bağlı “Azərbaycan müəllimi”nə danışan Azərbaycan Dövlət Pedaqoji Universitetinin keyfiyyət təminatı üzrə mütəxəssisi Çingiz Baxşıyev bildirib ki, tələbələr arasında akademik dürüstlüyün qorunması bu gün universitetlərin qarşısında duran ən aktual məsələlərdən biridir:
“Əvvəllər bu mövzuda əsas narahatlıq plagiat, köçürmə və başqasının hazırladığı işi öz adına təqdim etmək idisə, indi süni intellekt alətlərinin geniş yayılması məsələyə yeni bir ölçü əlavə edib. Artıq müəllim yalnız “bu mətn haradansa köçürülübmü?” sualına deyil, həm də “bu işi həqiqətən tələbə özü hazırlayıbmı və təqdim etdiyi nəticəni nə dərəcədə anlayır?” sualına cavab axtarmalıdır.

Akademik dürüstlüyün qorunması isə yalnız plagiat proqramından istifadə etməklə mümkün deyil. İlk növbədə tələbə universitetə daxil olduğu dövrdən etibarən nəyin plagiat hesab edildiyini, mənbədən necə istifadə olunmalı olduğunu, istinadın necə verildiyini və süni intellektdən hansı hallarda istifadənin məqbul olduğunu bilməlidir. Yəni məqsəd tələbəni pozuntu zamanı yaxalamaqdan daha çox belə halların qarşısını əvvəlcədən almaq olmalıdır.

Tapşırıqların yoxlanılmasında müəllimin rolu da getdikcə artır. Plagiat sistemləri mətnlər arasındakı oxşarlığı müəyyənləşdirmək üçün faydalıdır, lakin alınan faiz avtomatik olaraq plagiat demək deyil. Eyni şəkildə süni intellektlə yazılmış mətnləri müəyyən etdiyini iddia edən alətlər də mövcuddur, amma onların nəticələrini qəti sübut kimi qəbul etmək doğru olmaz. Belə vasitələr müəllim üçün əlavə siqnal verə bilər, yekun qərarı isə əvəz etməməlidir”.

Ekspertin fikrincə, ən effektiv yoxlama üsullarından biri müəllimin tələbənin iş prosesini izləməsidir:
“Məsələn, yalnız hazır mətnin təqdim olunması əvəzinə mövzunun seçilməsi, ilkin plan, istifadə olunan mənbələr və qaralama mərhələləri də qiymətləndirilə bilər. Şübhə yarandıqda tələbədən yazdığı işi qısa şəkildə izah etməsini və ya istifadə etdiyi arqumentləri əsaslandırmasını istəmək də kifayət qədər effektivdir. Tələbə təqdim etdiyi işin məzmununu izah edə bilmirsə, burada artıq əlavə araşdırmaya ehtiyac yaranır.

Süni intellekt məsələsində isə düşünürəm ki, universitetlərin yanaşması yalnız qadağa üzərində qurulmamalıdır. Bu texnologiyalar artıq təhsil və əmək bazarının bir hissəsinə çevrilib. Əsas məsələ tələbənin süni intellektdən istifadə edib-etməməsi deyil, ondan necə və hansı məqsədlə istifadə etməsidir. Süni intellekt ideyanın inkişaf etdirilməsi və ya müəyyən məlumatların sistemləşdirilməsi üçün köməkçi vasitə ola bilər, amma tələbənin əvəzinə düşünən və bütün işi hazırlayan vasitəyə çevrilirsə, artıq öyrənmə prosesinin mahiyyəti itir.

Ona görə də mövcud yoxlama üsullarını tam kifayət hesab etmək çətindir. Texnologiya inkişaf etdikcə yalnız detektorlarla akademik dürüstlüyü təmin etmək mümkün olmayacaq. Daha sağlam yanaşma qiymətləndirmə üsullarının dəyişdirilməsi, tələbənin iş prosesinin izlənilməsi, şifahi müdafiə və praktik tapşırıqlardan istifadə, eyni zamanda süni intellektdən istifadəyə dair universitet daxilində aydın qaydaların müəyyənləşdirilməsidir. Akademik dürüstlük yalnız nəzarət məsələsi deyil, universitetdə formalaşdırılmalı olan bir mədəniyyətdir”.