Təmayül tədris modeli şagirdlərə nə qazandırır?

12 İyun, 2026 - 15:56
Təmayül tədris modeli şagirdlərə nə qazandırır?

Azərbaycanda 10-11-ci sinifləri əhatə edən yeni təmayül tədris modeli tətbiq edilir. Artıq yeni dərs ili üçün bu tədris modelində təhsilini davam etdirmək istəyən şagirdlərin qeydiyyatına başlanılıb.

Bəs bu modelin üstünlükləri nələrdir?

Sözügedən tədris modelinin üstünlüklərinə akademik nəticələrin yüksəldilməsinə yönəlmiş tədris mühiti, abituriyent hazırlığının sistemli və ödənişsiz təşkili, səriştəli müəllim kollektivi, aylıq sınaq imtahanlarının təşkili, akademik hazırlıqla yanaşı, şagirdlərin yaradıcılıq, liderlik və sosial bacarıqlarının inkişafına imkan yaradan dərnəklər daxildir.

Mövzu ilə bağlı “Azərbaycan müəllimi”nə danışan Azərbaycan Dövlət Pedaqoji Universitetinin Təhsil menecmenti kafedrasının müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru Fidan Sarıbəylinin sözlərinə görə, uzun zamandır ki, 10 və 11-ci siniflərdə məktəb sanki arxa plana keçmişdi:

“Sirr deyil ki, şagirdlərin repetitor yanına getməsi ailələr üçün maddi yük olmaqla yanaşı, məktəblərin nüfuzunu da aşağı salır. Məsələnin digər və bəlkə də ən ağrılı tərəfi isə uşaqlarımızın sosial mühitdən tamamilə qopmasıdır. Məktəb təkcə dərs keçilən bina deyil, bura gənclərin dostlaşdığı, cəmiyyətə qarışdığı, bir-biri ilə ünsiyyət qurmağı öyrəndiyi sosial mühiti formalaşdıran məkandır. Tətbiq ediləcək yeni model həm sinifdə sağlam bir rəqabət mühiti yaratmağa, həm də uşaqların sosial inkişafını qorumağa xidmət edir. Yəni bu modelin tətbiqi ilə gənclərin həm də uşaqlığı, gəncliyi özlərinə qaytarılır”.

Onun sözlərinə görə, yeni modeli məktəbin itirilmiş akademik nüfuzunu və missiyasını özünə qaytaran strateji bir addım kimi də qiymətləndirə bilərik:

“Çünki məktəbin missiyası şagirddə yalnız bilik və bacarıq formalaşdırmaq deyil, sağlam sosial mühitdə vətəndaş yetişdirmək, gənclərdə komanda ruhunu, tənqidi təfəkkürü və mənəvi dəyərləri formalaşdırmaqdır.
Deyərdim ki, modelin ən əsas töhfəsi ali təhsilə hazırlıq prosesini tamamilə sistemli və ödənişsiz formata keçirməsidir. Bu addım repetitor asılılığını azaldır, maddi imkanından asılı olmayaraq, hər bir şagird üçün dövlət məktəbi daxilində keyfiyyətli hazırlıq mühitini əlçatan edir. Bu, təhsildə imkan bərabərliyinin təmin olunması deməkdir. Digər mühüm məsələ bu siniflərə potensiallı müəllimlərin cəlb olunmasıdır. Belə ki, şagirdlərin fərdi hazırlıqlarda axtardığı yüksək keyfiyyətli kadr potensialı elə dövlət məktəbinin daxilində, dərs prosesində şagirdlər üçün əlçatan olur”.