İxtisasların yenilənməsində sənayenin ehtiyacları nəzərə alınacaq – Aparat rəhbəri
“Peşə təhsili siyasəti Azərbaycanın ümumi dövlət siyasətinin vacib bir hissəsini təşkil edir”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin Qida emalı texnologiyaları tədris-istehsalat emalatxanasının açılışında çıxış edərkən deyib.
Aparat rəhbəri bildirib ki, “2022‒2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”, Böyük Qayıdışa dair Dövlət Proqramı və digər vacib proqramlarda peşə təhsilinin təkmilləşdirilməsi, peşə təhsili müəssisələrinin infrastrukturunun inkişafı ən vacib məsələlərdən biri kimi qeyd olunur: “Peşə təhsili çox geniş bir sahədir. Bu həm təhsil proqramlarıdır, həm də kurikulumların yenilənməsi, yeni dərsliklərin və müəllimlərin hazırlanmasıdır. Əlbəttə, bu müstəvidə özəl sektorla əməkdaşlıq həddən artıq mühüm əhəmiyyət kəsb edir”.
M.Kərimlinin sözlərinə görə, peşə təhsilinin təkmilləşdirilməsi istiqamətində özəl sektorla əməkdaşlıq son dərəcə vacibdir: “Hazırda peşə təhsili üzrə ixtisas təsnifatının yenilənməsi ilə məşğuluq və burada da sənayenin ehtiyacları, həmçinin müasir beynəlxalq təcrübə nəzərə alınacaq”.
O bildirib ki, ölkənin bütün peşə təhsili mərkəzlərinə maraq artır: “Sevindirici hal odur ki, peşə təhsili müəssisələrinə müraciət edən qadınların sayı da artmaqdadır. Əvvəllər bu göstərici 30 faiz idisə, indi 39 faizə çatıb”.




