Texnoloji və rəqəmsal bacarıqlara tələbat artacaq - Firudin Qurbanov

15 Sentyabr, 2026 - 12:31
Texnoloji və rəqəmsal bacarıqlara tələbat artacaq

“Köhnə peşələr ya dəyişir, ya da tamamilə aradan qalxır. Eyni zamanda yeni mütəxəssislərə ehtiyac yaranır. Mütəxəssislər qeyd edirlər ki, yaxın gələcəkdə əsas texnoloji və rəqəmsal bacarıqlara tələbat artacaq, xüsusilə proqramlaşdırma sahəsində sosial baxımdan idarəetmə bacarığı və liderlik keyfiyyətləri öz aktuallığını qoruyacaq”.

"Azərbaycan müəllimi" xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Firudin Qurbanov akademik Zərifə Əliyeva adına liseydə Bilik Gününə həsr olunmuş tədbirdə deyib. 

Onun sözlərinə görə, fəaliyyət sahəsindən asılı olmayaraq, hər kəsin süni intellekt və digər rəqəmsal texnologiyalarla işləmək bacarıqlarına malik olmaları zəruri olacaq:

“Bu hətta fəhlə peşələrinə də aiddir. Müxtəlif proqramlardan istifadə etmək bacarığı qaynaqçılar, dülgərlər və inşaatçılar üçün də faydalı olacaq”.

Gələcəyin təhsilində süni intellektin roluna diqqət çəkən nazir müavini deyib ki, bu texnologiya nisbətən yaxın dövrdə meydana çıxsa da, artıq çox böyük maraq doğurub:

“O, təhsil sistemlərində geniş istifadə ediləcək. Hazırda tədris prosesinin optimallaşdırılması məqsədilə süni intellektin tətbiqi imkanlarını müəyyənləşdirmək üçün müxtəlif tədqiqatlar aparılır. Hesab olunur ki, süni intellekt şagirdlərin biliklərini qiymətləndirə, onlara uyğun tapşırıqlar seçə və mövzuların daha yaxşı mənimsənilməsi üçün əlavə izahlar təqdim edə bilər.

Uşaqların düşüncə tərzi bir-birindən fərqləndiyi üçün standart yanaşma heç də həmişə yeni biliklərin səmərəli mənimsənilməsini təmin etmir. Gələcəkdə süni intellekt test nəticələrinə əsaslanaraq hər bir şagird üçün məlumatın təqdim olunma formasını fərdiləşdirəcək. Gələcəyin təhsil sistemində süni intellekt tədris materialının mənimsənilmə sürətinə təsir göstərən amilləri də müəyyən edə biləcək. Təhsil prosesində əsas diqqət məlumatın əzbərlənməsinə deyil, yaradıcı, analitik və tənqidi təfəkkürün inkişafına yönəldiləcək”.