Tibb ixtisaslarını seçənlərin NƏZƏRİNƏ: Keçid balları dəyişəcək

13 Avqust, 2026 - 13:30
Tibb ixtisaslarını seçənlərin NƏZƏRİNƏ:

“IV ixtisas qrupu üzrə plan yerlərinin sayı 5 048-dir. Onun 75 faizi, yəni 3 551-i dövlət sifarişli yerdir”. 

“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə DİM-in “YouTube” və “Facebook” səhifələrindəki canlı yayımda məlumat verib. 
DİM sədri qeyd edib ki, IV ixtisas qrupu üzrə kənd təsərrüfatı ixtisaslarının hamısı dövlət sifarişli yerlərdir: “Çünki bu, dövlət siyasətidir. Bu sahədə mütəxəssislər çatışmır. İstəyərdik ki, yüksək səviyyəli, bilikli şəxslər kənd təsərrüfatı sahəsini seçsinlər”.

M.Abbaszadənin sözlərinə görə, IV ixtisas qrupu üzrə 600 baldan yuxarı nəticə göstərənlərin sayı 1 212 nəfərdir: “Bu il “Tibb” ixtisasında keçid ballarının ötən illə müqayisədə 20 bal artmasını gözləyirik. Ötən il 500 baldan yuxarı formalaşan keçid balları bu il 10 bal arta, 400 baldan yuxarı formalaşan keçid balları isə eyni qala bilər”.

O həmçinin qeyd edib ki, IV qrup üzrə ötən il 300-400 bal intervalında olan ixtisaslarda bu il 10 bal artım ola bilər: “IV qrup üzrə keçidi ötən il 200-300 bal arasında olan ixtisaslarda isə keçid balı eyni səviyyədə qala bilər”. 

DİM sədri bildirib ki, IV ixtisas üzrə 150 baldan yuxarı nəticə göstərənlər düzgün seçim etsələr, əksəriyyəti ali məktəblərə qəbul ola biləcək, onlardan cəmi 300 nəfəri kənarda qalacaq.