TKTA qiymətləndirmədən uğurla keçən 13 nəfərə peşə sənədi təqdim edib
26 may 2026-cı il tarixində Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən qeyri-formal və informal təhsilin tanınması istiqamətində növbəti təltifetmə tədbiri keçirilib.
"Azərbaycan müəllimi" xəbər verir ki, tədbirdə TKTA tərəfindən “Dərzi”, “Qənnadıçı-şirniyyatçı” və “Bərbər-vizajist-manikürçü” peşə ixtisasları üzrə təşkil olunmuş qiymətləndirmə prosesini uğurla başa vuran 13 nəfərə müvafiq peşə sənədləri təqdim edilib.
Tədbirdə çıxış edən TKTA-nın Qeyri-formal və informal təhsilin tanınması şöbəsinin baş məsləhətçisi Vüsalə Mütəllibova qeyri-formal və informal yollarla əldə olunmuş bilik və bacarıqların tanınmasının əmək bazarında rəqabət qabiliyyətinin artırılması baxımından əhəmiyyətini vurğulayıb.
İmtahanlarda iştirak etmək istəyən şəxslərin nəzərinə çatdırmaq istərdik ki, hazırda peşə ixtisasları üzrə qeydiyyat (https://tinyurl.com/53jmtf8z) davam edir. Vətəndaşlarımız ətraflı məlumat əldə etmək üçün müvafiq keçiddən istifadə edərək, həmin imtahanlar üzrə qeydiyyatdan keçə bilərlər.
Qeyd edək ki, TKTA tərəfindən təqdim edilən diplom və sertifikat Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 5 avqust 2020-ci il tarixli, 279 nömrəli Qərarına əsasən sahibinə peşə ixtisası üzrə əmək fəaliyyətinə başlamaq imkanı verir. Eyni zamanda diplom ilk peşə təhsili səviyyəsində təhsil haqqında sənədə bərabər tutulur və peşə təhsili pilləsinin növbəti səviyyəsində təhsilini davam etdirmək hüququ yaradır.



