Tövsiyə, yoxsa irad: Müəllimlər həmkar rəyini necə qəbul edirlər?
Müəllimlərin inkişafı üçün vacib olan məsələlərdən biri həmkarları ilə qarşılıqlı təcrübə mübadiləsinin aparılmasıdır. Bəzi ölkələrdə müəllimlər məhz bunun üçün iş yoldaşlarının dərslərində iştirak edir, onun dərs keçirilmə metodunun razı qaldığı tərəflərini digər həmkarlarına tövsiyə edir, yaxud özü tətbiq edir, razı qalmadıqda isə bunun aradan qaldırılması üçün bəzi məsləhətlərini verirlər. Sözsüz ki, belə fikir mübadilələri müəllimlər arasında normal qarşılanır, onlar bunu həmkarının iradı kimi deyil, dost məsləhəti kimi qəbul edirlər.
Bəs bizim müəllimlər bir-birlərindən rəy eşitməyə hazırdırlarmı? Dost müəllimin dediyi tövsiyələri irad, yoxsa məsləhət kimi qəbul edirlər və bunu öz işlərində nə dərəcədə tətbiq edirlər?
Bu suallara cavab almaq üçün “Azərbaycan müəllimi” Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin müəllimləri ilə görüşüb, onların necə əməkdaşlıq etmələri haqqında məlumat alıb.
“Sertifikasiyaya qədər bir-birimizdən nəsə soruşmağa, müzakirəyə qatılmağa utanardıq”
İlk həmsöhbətim aparıcı metodist, Təhsildə İnkişaf və İnnovasiyalar üzrə IV və VI Qrant müsabiqələrinin qalibi, “Tərəqqi” medalına layiq görülmüş Elnarə Qurbanzadə Sumqayıt şəhəri 11 nömrəli tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimidir. Elnarə müəllim aparıcı metodist olaraq “Metodist” layihəsi çərçivəsində müxtəlif məktəblərdə olur və bu səbəbdən daim müəllimlərlə işbirliyi həyata keçirir, müəllimləri müzakirələrə, metodik görüşlərə, təlimlərə cəlb edir. İlk növbədə, onu qeyd edir ki, müəllimlər arasında əməkdaşlıq ən çox sertifikasiya imtahanı ərəfəsində başlayıb:
“Sertifikasiya sanki bizi bir-birimizlə daha çox birləşdirdi, həmkarlarımızdan dəstək alma ənənəsi formalaşmağa başladı. Həmin anlara qədər bəlkə bir-birimizdən nə isə soruşmağa, müzakirəyə qatılmağa utanardıq. Sertifikasiya bizi elə formada birləşdirdi ki, yaşından asılı olmayaraq həm gənc, həm yaşlı müəllimlər bir araya gəlməyi bacardılar. Çünki qarşımızda böyük məsuliyyət dururdu. Biz həm İKT bacarıqlarına yiyələnməli, həm də akademik savadımızı nümayiş etdirməliydik. Bax bu yöndə ən çox yaşlı müəllimlərimizə kömək etməyə başladıq ki, onların İKT bacarıqları formalaşsın və imtahanı uğurla verməyi bacarsınlar. Həmin dönəmlərdən əsasını götürmüş əməkdaşlıq hələ də, nə gözəl ki, davam edir. Sertifikasiya sanki müəllimlərin birləşməyi üçün yaxşı bir bəhanə oldu”.
Aparıcı metodist onu da əlavə edir ki, sertifikasiya imtahanında ədəbiyyat müəllimləri böyük əsərlərin oxunmasında ən çox şagirdlərə aşıladıqları, öyrətdikləri hissəli oxu üsulunu müəllimlər arasında da tətbiq ediblər. “Böyük romanları, poemaları oxunmaq üçün bir neçə hissəyə ayırıb, oxuyub sonra müzakirələr, təhlillər aparırdıq. Bu həm vaxta qənaət etdi, həm də əməkdaşlığımızı artırdı. Qarşıdan növbəti sertifikasiya imtahanı gəlir. Yenə də o davamlılıq özünü qoruyub saxlayır deyə yenə də eyni üsullardan istifadə edəcəyik”, - Elnarə müəllim deyir.
“Müəllimlər bir araya gələndə daha açıq fikirli və öyrənməyə meyilli olurlar”
Müəllimin sözlərinə görə, təhsilverənlər arasında mütəmadi canlı və onlayn görüşlər, işbirlikləri davam etdikdə artıq bu hal onlar üçün vərdiş halını alır. “Tədrisin keyfiyyətinin artırılmasında bir xəttim varsa, onu ancaq müəllimlərimiz üçün ümumi bir stimul kimi görürəm. Müəllimlər bir araya gələndə daha açıq fikirli və öyrənməyə meylli olurlar. Bu, tədrisin keyfiyyətinin artırılmasında böyük rol oynayır. Əməkdaşlıq çərçivəsində ən çox zəif şagirdlərin azalması, dərsin keyfiyyətinin artırılması istiqamətində işlər aparılır. Bunun üçün müəyyən yeni üsulları aramızda müzakirə edirik. Təbii ki, hər müəllimin öz təcrübəsi var və hər sinfin özünün diferensial yanaşması olmalıdır. Lakin təcrübədən keçmiş üsuldan yararlananda, onu öz siniflərimzdə tətbiq edəndə xeyrini də görmüş oluruq. Mən fəaliyyətimlə bağlı təhkim edildiyim məktəblərdə əvvəlcə dərs dinlənmələrində oluram və qeydlər götürürəm ki, müəllimlərin güclü və zəif tərəfləri hansılardır. Zəif tərəfləri olan müəllimləri bir masa arxasında metodik görüşdə birləşdirə bilirəm. Eyni zəif tərəflər hamıda olanda onların üzərində müzakirələr apararaq aradan qaldırmağa müvəffəq oluruq. Hər bir işin başlanğıcında çəkingənlik olur. Lakin davamlı şəkildə olduqda müzakirələrə qatılan həm müəllimlərin sayı artır, həm də sferamız böyüyür. Bir müəllim digərini dəvət edirsə, sayımız artır. Biz müəllimlərlə həm onlayn, həm də müəyyən məkanlarda görüşürük. Bir də MİQ imtahanlarından sonra gənclər məktəbə gəlişində çəkingən, utancaq olurlar. Artıq 29 illik iş təcrübəmə əsaslanaraq deyirəm ki, məktəbimizə yeni bir müəllim gələndə mən özüm ona yaxınlaşıram. İlk addımı biz - təcrübəli müəllimlər atırıq ki, onların çətin bildiyi vəziyyətlərdə gənclərə dəstək ola bilək. Bu tək bizim məktəbdə deyil, Sumqayıt şəhərinin bir çox məktəblərində ənənə halını alıb”.
Elnarə Qurbanzadə qeyd edib ki, artıq Abşeron-Xızı Regional Təhsil İdarəsi tərəfindən “Ustad dərsləri”nin təşkili prosesinə başlanılıb. “Biz müəllimlər öz qrafiklərimizi hazırlamışıq və müəllim əməkdaşlarımızın dərslərinə qatılacağıq. Ustad dərsləri həm öyrətmə, həm öyrənmə modelini təşkil edir. Bir məqama da diqqət çəkmək istərdim. 2020-ci ildə pandemiya və müharibə şəraitində bir neçə məktəbin 100-ə qədər valideynini “Ailəvi oxu” aylığına cəlb etdik. Bir neçə ay davam edən “Ailəvi oxu” aylığı çərçivəsində gözəl “Tarix yazan qəhrəmanlar” kitabı ərsəyə gəldi. Biz müəllimlərin və valideynlərin birgə əməkdaşlığı çərçivəsində kitab işıq üzü gördü və şəhid ailələrimizə təqdim olundu. Məktəbin təməlini valideyn-şagird-müəllim üçbucağı təşkil edir. Ona görə də əməkdaşlığımıza valideynləri də dəvət edirik”.
“Digər müəllimlərin dərslərini dinləməyə, metodlarını öyrənməyə həvəsim çox olub”
Sevinc Əhmədova “Təfəkkür” liseyinin ibtidai sinif müəllimidir, eyni zamanda 6, 7, 8-ci siniflərdə STEAM dərsini tədris edir. “Süni intellekt əsaslı gümrahlıq” layihəsilə Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VII Qrant müsabiqəsinin qalibidir. Bildirir ki, əməkdaşlıq istər məktəb mühitində, istər digər mühitlərdə çox önəmli anlayışdır: “Müasir təhsil sistemində müəllim artıq təkbaşına fəaliyyət göstərən bilik ötürücüsü deyil, peşəkar öyrənən icmanın üzvüdür. Müəllimlər arasında əməkdaşlıq məktəbdə pedaqoji keyfiyyətin də yüksəldilməsinə mühüm təsir göstərir. Biz müəllimlər öz aramızda müəyyən təcrübə mübadiləsi aparır, fərqli baxış bucaqları ilə tanış oluruq. Mən müxtəlif təhsil müəssisələrində çalışmışam və hər dəfə də əməkdaşlığa meyilli, yeniliyə açıq müəllim olmuşam, tək öz fənnim deyil, digər fənn müəllimlərinin də metodlarına marağım olub. Dərsi dinləmək, onların metodlarına yaradıcı yanaşmaq həvəsim çox olub”.
“Həmkarımızın sinfində keçirilən dərslər şagirdlər üçün də maraqlıdır”
Sevinc müəllimin fikrincə, müəllim əməkdaşlığı şagirdlərin inkişafına çox müsbət təsir göstərir. “Bəzən biz müəllimlər həmkarımızın sinfinə daxil olaraq dərs keçirik və görürük ki, belə dərslər şagirdlər üçün də maraqlıdır. Şagird öz müəlliminin eyni ünsiyyət formasından fərqli bir ünsiyyətlə tanış olur. Bu da hər hansı bir şagirdin inkişafına yol açır. Biz müəllimlərlə layihələrdə əməkdaşlıq edirik. Nəinki Azərbaycanda, qonşu Türkiyə məktəblərinin müəllimləri ilə çox yaxından əməkdaşlığımız var. Eyni zamanda Avropa ölkələrinin müəllimləri ilə əməkdaşlıqlarımız oldu. “Etwining” layihələri çərçivəsində xarici ölkələrin təhsil sistemi ilə tanış olduq, milli və Avropa keyfiyyət nişanlarını qazandıq, şagirdlərimiz digər ölkələrin şagirdləri ilə ünsiyyət qurdular, görüşdülər, məktublaşdılar. Hər il Yeni il ərəfəsində biz bir-birimizə kiçik bir bağlama – milli nişan və digər simvolik hədiyyə göndəririk. Bu da şagirdi həm elmi, həm də sosial cəhətdən çox inkişaf etdirir. Şəhərimizdə mütaliə gecələri təşkil edirik, yazıçıları dəvət edirik. Müəllimlərlə əməkdaşlıq edərək bir yerdə ekskursiyalara gedirik. Tək Sumqayıt deyil, Abşeron müəllimləri ilə əməkdaşlıq edirik. Sevindirici haldır ki, bir-birimizdə nə yenilik görürüksə, dərhal o yeniliyi tətbiq etməyə çalışırıq”.
“Deməyim, qoy birinci olum”
S.Əhmədova həmkarları arasında paxıllıq, “deməyim, qoy birinci olum” düşüncələrinə rast gəlmədiyini deyir. Əksinə, ideya olanda paylaşdıqlarını, bacardıqları qədər yaradıcılıqlarını inkişaf etdirdiklərini, əməkdaşlığın ən xırda nüansını belə dəyərləndirməyə çalışdıqlarını vurğulayır: “Kimlərsə əməkdaşlığa açıq olmaya bilər, eqo üstün gələ bilər. Ətrafında nə qədər inkişaf edən insanlar toplasan, bu, fəaliyyətinə ancaq xeyir gətirər. Məktəbdaxili qiymətləndirmələrimizdə, monitorinq qiymətləndirməsində paralel sinif müəllimlərilə yığışırıq, əməkdaşlıq edərək təlimata uyğun qiymətləndirmə aparırıq. Bəzən elə hallara rast gəlinir ki, müəllimin dərsini müşahidə edərkən yüngül akademik uyğunsuzluğa rast gəlirsən. Müzakirə zamanı onu qarşı tərəfə irad kimi deyil, tövsiyə kimi çatdıra bilərsən ki, müəllim fəaliyyətini daha səmərəli həyata keçirsin. Birincisi, insani münasibətləri düzgün qurmaq, daha sonra isə təcrübə mübadiləsinə keçmək olar”.
“Nə qədər yeniliklərə açıq olsaq da, təqaüddə olan müəllimlərimizin təcrübəsindən yararlanmağa ehtiyacımız var”
Nigar Vəliyeva 35 nömrəli məktəbin ibtidai sinif müəllimidir, eyni zamanda rəqəmsal bacarıqlar fənnini tədris edir, “Şagird Diksiya Klubu” layihəsilə Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VI Qrant müsabiqəsinin qalibidir. Bildirir ki, müəllimlər arasında əməkdaşlıq özünü ilk növbədə təcrübə mübadiləsində göstərir. Bura dərs dinləmələri, açıq dərslər, metodik müzakirələr, birgə planlaşdırılmış öyrənmə aiddir. “15 illik pedaqoji fəaliyyətimə əsaslanaraq deyə bilərəm ki, müəllimlər arasında səmimiyyətin olması, sosial münasibətlər böyük önəm daşıyır. Qrant qalibi olduğum “Şagird Diksiya Klubu” mövzusunda Sumqayıt şəhərində olan bir çox məktəblərlə müxtəlif məkanlarda və həmin məkətəblərdə diksiya, mütaliə, oxu vərdişi ilə bağlı bir çox layihələr həyata keçirmişik. Burada qazandığımız təcrübələri müəllimlərlə bölüşüb paylaşmağımıza şərait yaranıb. Düşünürəm, belə əməkdaşlıqları davam etdirmək ən vacib məsələlərdən biridir. Bu gün məktəblərdə yaranan bəzi məsələlərdə, baxırıq ki, valideynlərin təsiri var. Hesab edirəm ki, valideynlərlə əməkdaşlıq edərək onları tədris yeniliklərilə maarifləndirməli, daha sıx əməkdaşlıq etməliyik ki, nəticələrimiz yüksək olsun. Bu gün Prezidentin də diqqətində Azərbaycan dilinin qorunması məsələsidir. Dilimizi qoruyaq, mütaliəmizi artıraq, öz dilimizi daha çox sevək. Bu məsələdə də müəllimlərlə birgə valideynlərlə əməkdaşlığı üstün bilirəm. Biz eyni zamanda Xızı və digər rayonlarımızda yerləşən məktəblərlə əmkdaşlıq edirik, təcrübələrimizi paylaşırıq. Ucqar kənd məktəblərinə kitablar hədiyyə edirik, onlayn görüşlər təşkil edirik”.
Nigar müəllim yaşca böyük, təcrübəli, təqaüddə olan müəllimlərin də təcrübələrindən yararlanmağın əhəmiyyətindən bəhs edib. “Biz nə qədər yeniliklərə açıq olsaq da, təqaüddə olan müəllimlərimizin təcrübəsindən yararlanmağa yenə ehtiyacımız var. Mütəmadi olaraq təqaüddə olan müəllimlərimizlə görüşlər təşkil edir, əlamətdar günlərdə onları tədbirlərimizə dəvət edirik. Onların xeyir-duası, təcrübələrini sevə-sevə bölüşməsi, bizim uğurlarımıza sevinməsi, bizə dəstək olması bizim onlarla əməkdaşlığımız deməkdir. Müəllimlər çox dəyərlidir. Müəllimlik çox şərəfli bir peşədir. Və hər bir müəllim öz işinə sevə-sevə yanaşarsa çox gözəl nəticə olar”.


