“Türk dünyası bütün dövrlərdə dahi şəxsiyyətlərin, alimlərin, mütəfəkkirlərin vətəni olub” – Dövlət başçısı
Türk xalqlarının ortaq mədəni irsinin qorunması, onun mənimsənilməsinin və təhrif olunmasının qarşısının alınması birgə fəaliyyətimizin aparıcı istiqamətlərindən biri olmalıdır.
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin 2-ci Görüşünün iştirakçılarına ünvanladığı müraciətdə qeyd edib.
Dövlət başçısı bildirib ki, Azərbaycan hər zaman, xüsusilə də TDT-yə sədrliyi dövründə təşkilatın institusional olaraq güclənməsi, qlobal müstəvidə nüfuzunun artması və vahid ailəmiz olan Türk dünyasının sıx birləşməsi naminə bütün səylərini səfərbər etmişdir:
“Tarixi İpək Yolunun mərkəzində yerləşən Türk dünyası bütün dövrlərdə dahi şəxsiyyətlərin, alimlərin, mütəfəkkirlərin vətəni olmuşdur. Xalqlarımızın zəngin elmi və mədəni irsi, böyük insan kapitalı və artan innovasiya potensialı TDT çərçivəsində əqli mülkiyyət sahəsində əməkdaşlığın ayrıca istiqamət kimi formalaşması və sıx qarşılıqlı fəaliyyət üçün imkanlar yaradır. Bu xüsusda, müvafiq qurumların rəhbərlərinin görüşlərinin təşkili təqdirəlayiq haldır. Ötən il Bişkek şəhərində keçirilmiş ilk görüş bu sahədə atılmış əhəmiyyətli addım idi”, – deyə dövlət başçısı əlavə edib.




