Türkiyədə universitetlərdə 16 yeni ixtisas açılır

31 İyul, 2026 - 14:47
Türkiyədə universitetlərdə 16 yeni ixtisas açılır

Türkiyədə 2026–2027-ci tədris ilindən etibarən ali təhsil müəssisələrində ilk dəfə 16 yeni ixtisas üzrə tələbə qəbulu aparılacaq.

"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə Türkiyə Ali Təhsil Şurasının (YÖK) sədri Erol Özvar məlumat verib.

Onun sözlərinə görə, yeni ixtisaslardan 7-si bakalavr, 9-u isə subbakalavr səviyyəsində olacaq. Proqramlar süni intellekt, maliyyə texnologiyaları (fintex), biotexnologiya, rəqəmsal oyun texnologiyaları, mobil təhlükəsizlik, dərman istehsalı, heyvandarlıq texnologiyaları və balıqçılıq kimi istiqamətləri əhatə edir.

Diqqət çəkən yeniliklər arasında "Tarix və süni intellekt", "Fəlsəfə və süni intellekt", eləcə də "Biznesin idarə edilməsi və süni intellekt" proqramları yer alır. YÖK sədri bildirib ki, bu yanaşma süni intellektin sosial və idarəetmə elmləri ilə inteqrasiya olunmuş şəkildə tədrisini nəzərdə tutur.

Erol Özvar qeyd edib ki, son üç ildə əmək bazarının və texnologiyaların dəyişən tələblərinə uyğun olaraq süni intellekt, kənd təsərrüfatında və səhiyyədə rəqəmsallaşma, yaşıl transformasiya kimi istiqamətlər üzrə 70-ə yaxın yeni proqram yaradılıb.

Onun sözlərinə görə, süni intellektlə bağlı ali təhsil proqramlarının sayı da son bir neçə ildə 7 dəfə artaraq 171 universitetdə 785-ə çatıb və bu proqramlar artıq ilk məzunlarını verməyə başlayıb. YÖK sədri abituriyentlərə ixtisas seçimi zamanı yeni proqramlarla yaxından tanış olmağı tövsiyə edib.