Türkiyəli alim AzMİU-da idarəetmə sistemlərinin gələcəyindən danışdı
Süni intellektin mühüm istiqamətlərindən biri olan möhkəmləndirici öyrənmə texnologiyaları gələcəkdə idarəetmə sistemlərinin daha çevik, dəqiq və səmərəli fəaliyyət göstərməsinə geniş imkanlar yaradacaq. Bu yanaşma mürəkkəb texniki sistemlərin dəyişən şəraitə uyğunlaşmasına, real vaxt rejimində qərar qəbul etməsinə və insan müdaxiləsini minimuma endirməsinə şərait yaradır.
"Azərbaycan müəllimi" xəbər verir ki, bunu Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) keçirilən İnformasiya Texnologiyaları və Onların Tətbiqi üzrə 3-cü Beynəlxalq Konfrans çərçivəsində Türkiyənin Ankara Universitetinin professoru Ökkeş Tolga Altınoz deyib.
Alim “Diskret zamanlı balanslaşdırma eksperimental qurğusunun idarə olunması üçün xətti kvadratik tənzimləmədə möhkəmləndirici öyrənmə” mövzusunda çıxışı zamanı qeyd edib ki, balanslaşdırma və sabitliyin qorunması tələb olunan mexanizmlərdə süni intellekt əsaslı idarəetmə modelləri ənənəvi üsullarla müqayisədə daha yüksək nəticələr verir. Bu texnologiyalar gələcəkdə sənaye müəssisələrində, robot texnikasında, nəqliyyat sistemlərində, ağıllı şəhər həllərində və müxtəlif mühəndislik sahələrində geniş tətbiq olunacaq.
O vurğulayıb ki, elmin, mühəndisliyin və rəqəmsal texnologiyaların birgə inkişafı innovativ cəmiyyətin formalaşmasının əsas şərtlərindən biridir. Professor əlavə edib ki, Azərbaycan Memarlıq və İnşaat Universitetində fəaliyyət göstərən Süni İntellekt Mərkəzinin, eləcə də Zəlzələ Araşdırmaları Elmi-Tədqiqat Mərkəzinin fəaliyyətini və aparılan elmi-tədqiqatları yaxından izləyir. Onun sözlərinə görə, bu mərkəzlərdə həyata keçirilən araşdırmalar region üçün mühüm əhəmiyyət daşıyır və gələcəkdə beynəlxalq əməkdaşlıq baxımından geniş perspektivlər açır.



