Türkoloji Qurultayın yubileyi münasibətilə 100 tələbə təqaüdə layiq görüləcək - Firudin Qurbanov

14 May, 2026 - 12:17
Türkoloji Qurultayın yubileyi münasibətilə 100 tələbə təqaüdə layiq görüləcək

“Prezident İlham Əliyevin “Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamına uyğun olaraq geniş tədbirlər həyata keçirilir. Elm və Təhsil Nazirliyi tərəfindən də müvafiq Tədbirlər Planı çərçivəsində bir sıra təşəbbüslər irəli sürülüb. Bu təşəbbüslərdən biri də “Birinci Türkoloji Qurultayın 100 illiyi münasibətilə gənclər üçün təqaüd proqramı”dır”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri elm və təhsil nazirinin müavini Firudin Qurbanov “I Türkoloji Qurultayın 100 illiyi: Dil məsələləri” beynəlxalq elmi konfransında səsləndirib.

Nazir müavini qeyd edib ki, proqram çərçivəsində filologiya, tarix, beynəlxalq münasibətlər və digər əlaqəli ixtisaslar üzrə təhsil alan tələbələr arasında ən yaxşı məqalə müsabiqəsinin keçirilməsi nəzərdə tutulur. Müsabiqənin əsas mövzularından biri “1926-cı il Türkoloji Qurultayı – türk xalqlarının ortaq tarixi, terminologiyası və mədəniyyəti” olacaq.

Firudin Qurbanovun sözlərinə görə, Qurultayın 100 illik yubileyi münasibətilə simvolik olaraq 100 nəfər tələbənin təqaüdə layiq görülməsi nəzərdə tutulur: “Hər bir qalibə birdəfəlik 300 manat məbləğində təqaüd təqdim ediləcək. Layihənin Təhsilin İnkişafı Fondu tərəfindən maliyyələşdirilməsi təklif olunur”.