Ümumi geyim qaydaları bütün şagirdlər üçün eyni prinsiplərə əsaslanmalıdır – Hüquq müdafiəçisi
"Məktəblərdə müəyyən edilmiş geyim tələblərinin tətbiqi vicdan və dini etiqad azadlığının məhdudlaşdırılmasına deyil, dünyəvi təhsil prinsipinin qorunmasına xidmət edir".
Bu fikirləri “Azərbaycan müəllimi”nə hüquq müdafiəçisi Sahib Məmmədov bildirib.
O qeyd edib ki, Azərbaycanda Konstitusiya və qanunvericilik səviyyəsində, eləcə də praktikada dini tolerantlıq, vicdan azadlığı və mədəni fərqlərə hörmət təmin olunur.
Hüquq müdafiəçisinin sözlərinə görə, Azərbaycan Konstitusiyası hər kəsin vicdan azadlığını tanıyır və şəxsin hər hansı dinə etiqad etmək və ya etməmək hüququnu təmin edir:
“Azərbaycanda həm Konstitusiya, həm qanunvericilik, həm də praktika səviyyəsində dini tolerantlığa və mədəni fərqlərə hörmət mövcuddur. Konstitusiyamıza görə, hər kəsin vicdan azadlığı var. Şəxs hər hansı dinə etiqad edə və ya etməyə bilər, dini baxışlarını ifadə edə bilər. Bununla yanaşı, bu hüquqların həyata keçirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş çərçivələr və qaydalar da mövcuddur”.
S.Məmmədov bildirib ki, Azərbaycan dünyəvi dövlətdir və məktəb də dünyəvi prinsiplər əsasında fəaliyyət göstərən təhsil müəssisəsidir:
“Dövlət dindən ayrıdır, məktəb də dünyəvi prinsiplər əsasında fəaliyyət göstərir. Konstitusiyamıza görə, heç bir din digərindən üstün sayılmır. Azərbaycanda islam dini ilə yanaşı, müxtəlif ənənəvi və qeyri-ənənəvi dini inancların da daşıyıcıları yaşayır. Əgər hər bir dini qrupa məxsus şagird məktəbə öz dini geyim forması ilə gəlsə, bu, dünyəvi təhsil prinsipinin mahiyyəti ilə uzlaşmaz. Buna görə məktəb daxilində hamı üçün müəyyən edilmiş ümumi qaydaların olması vacibdir”.
Hüquq müdafiəçisi hesab edir ki, vahid məktəbli formasının tətbiqi bu baxımdan əsaslandırılmış yanaşmadır və belə təcrübə dünyanın bir sıra ölkələrində də mövcuddur:
“Baş örtüyünün geyim vasitəsi kimi ümumiyyətlə qadağan olunmasından söhbət getmir. Şəxs məktəbə gələnədək şal, kəlağayı və ya digər baş örtüyündən istifadə edə bilər. Lakin məktəbə, xüsusilə sinif otağına daxil olduqdan sonra müəyyən edilmiş məktəbli formasına riayət olunmalıdır. Burada əsas məsələ dini inancın məhdudlaşdırılması deyil, məktəbin müəyyən etdiyi ümumi geyim və davranış qaydalarına əməl edilməsidir”.
S.Məmmədovun sözlərinə görə, uşaqların da vicdan azadlığı hüququ var, lakin məktəbin dünyəvi təhsil müəssisəsi kimi öz prinsipləri və daxili qaydaları mövcuddur:
“Məktəbdə dini geyim müəyyən hallarda dini təbliğat vasitəsinə də çevrilə bilər. Burada söhbət yalnız hicab və ya niqabdan getmir, digər dinlərdə də müxtəlif dini geyim formaları mövcuddur. Buna görə məsələni yalnız bir dini atribut üzərindən qiymətləndirmək düzgün deyil. Məktəbdə tətbiq olunan ümumi geyim qaydaları bütün şagirdlər üçün eyni prinsiplərə əsaslanmalıdır. Hesab edirəm ki, bu yanaşma vicdan azadlığı hüququna zidd deyil”.
O bildirib ki, hökumətin geyim tələbləri ilə bağlı qərarından sonra məsələnin bəzi hallarda “hicab qadağası” kimi təqdim olunması düzgün yanaşma deyil:
“Burada hicabın ümumi şəkildə qadağan edilməsindən söhbət getmir. Söhbət təhsilalanların məktəbdə müəyyən edilmiş geyim formasına əməl etməsindən gedir. Təhsilverənlər üçün də Nazirlər Kabineti tərəfindən müəyyən geyim tələbləri təsdiqlənib. Təhsilalanlarla bağlı da məktəbin ümumi qaydalarının tətbiqi eyni məntiqə əsaslanır. Ona görə məsələnin sırf dini qadağa kimi təqdim edilməsi onun mahiyyətini düzgün əks etdirmir”.
S.Məmmədov sosial şəbəkələrdə məsələ ətrafında aparılan müzakirələrə də münasibət bildirib:
“İnanclı insanların bu məsələyə fərqli münasibəti və əsaslandırılmış etirazları ola bilər və bu, normal müzakirə çərçivəsində ifadə edilə bilər. Lakin sosial şəbəkələrdə təhqir, söyüş, böhtan və saxta xarakterli məlumatların yayılması hallarını da müşahidə edirik. Əsaslandırılmış fikirlərə təhqirlə cavab verilməsi sağlam ictimai müzakirəyə xidmət etmir. Məndə belə təəssürat yaranır ki, müəyyən qüvvələr bu məsələ ətrafında süni ajiotajın davam etməsində maraqlıdırlar”.
Onun fikrincə, məktəbin əsas funksiyası təhsil və tərbiyə verməkdir və bu mühit müxtəlif xarici təsirlərdən qorunmalıdır:
“Məktəb təhsil və tərbiyə mərkəzidir. Bu gün məktəbdə təhsil alan uşaqlar gələcəkdə dövlətin və cəmiyyətin müxtəlif sahələrində iştirak edəcək, ictimai fikrin formalaşmasına təsir göstərəcəklər. Buna görə məktəbin dünyəvi və sağlam təhsil mühitinin qorunması vacibdir. Eyni zamanda, ölkədə insanların dini etiqadlarını həyata keçirmələri üçün kifayət qədər imkanlar mövcuddur. Məscidlər, kilsələr, sinaqoqlar fəaliyyət göstərir və hər bir şəxs qanun çərçivəsində öz etiqadını sərbəst həyata keçirə bilər”.
S.Məmmədov onu da əlavə edib ki, vicdan azadlığı və insanların dini etiqadına hörmət əsas prinsiplərdən biri kimi qorunmalıdır, eyni zamanda dini zəmində qarşıdurma və nifaq yaradılmasına yol verilməməlidir:
“Dini ekstremizm, radikallıq, dini zəmində nifaq və qarşıdurma yaratmaq qanunvericiliklə məsuliyyət yaradır. Belə hallarla bağlı həm inzibati, həm də cinayət məsuliyyəti nəzərdə tutula bilər. Cəmiyyətdə dini zəmində nifrət yaratmağa və insanların birliyinə xələl gətirməyə yönəlmiş hərəkətlərə qanun çərçivəsində münasibət göstərilməlidir. Vicdan azadlığı hər kəs üçün təmin olunmalı, hər kəsin etiqadına hörmət prinsipi əsas götürülməlidir. Eyni zamanda dövlətimizin dünyəvi modelinə xələl gətirən hallara yol verilməməlidir”.




