Məktəb rəhbərləri ilə akademik nəticələr və inkişaf prioritetləri təhlil olunub
2026–2027-ci tədris ili üzrə təhsilin keyfiyyətinin yüksəldilməsi və ümumi təhsil müəssisələrində keyfiyyət təminatı mexanizmlərinin gücləndirilməsi məqsədilə Bakı Şəhəri üzrə Təhsil İdarəsi və bütün regional təhsil idarələrinin tabeliyində olan ümumi təhsil müəssisələrinin rəhbərləri ilə Keyfiyyət Fəaliyyət Planının (KFP) icrasına dair görüşlər keçirilib.
"Azərbaycan müəllimi" xəbər verir ki, görüşlərin əsas məqsədi Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən hazırlanaraq təsdiq edilmiş Keyfiyyət Fəaliyyət Planının icra vəziyyətinin müzakirəsi, təhsil müəssisələrinin akademik nəticələrinin təhlili, keyfiyyətə təsir edən amillərin və mövcud inkişaf ehtiyaclarının müəyyənləşdirilməsi, eləcə də qarşıya qoyulmuş strateji hədəflərə nail olunması istiqamətində həyata keçirilən tədbirlərin təkmilləşdirilməsi olub.
Görüşlər zamanı MÜTDA və təhsil idarələrinin aidiyyəti struktur bölmələrinin nümayəndələri tərəfindən akademik nəticələr, mövcud problemlər və inkişaf prioritetləri üzrə təqdimatlar edilib, məktəb rəhbərləri ilə qarşıda duran vəzifələr və onların icra mexanizmləri ətrafında fikir mübadiləsi aparılıb. Keyfiyyət Fəaliyyət Planının icrası çərçivəsində daxili keyfiyyət təminatı və özünüqiymətləndirmə mexanizmlərinin gücləndirilməsi, zəif nəticə göstərən şagirdlərə hədəfli dəstək, müəllimlərin peşəkar inkişafı, həmçinin şagird davamiyyətinin, valideynlərlə əməkdaşlığın və məktəbdaxili idarəetmənin təkmilləşdirilməsi, tədbirlərin icrasına nəzarət və korrektiv müdaxilələrin həyata keçirilməsi xüsusi vurğulanıb.




