UNESCO: Süni intellektin yayılması ailələr qarşısında yeni çağırışlar yaradır
Müasir dövrdə uşaq və gənclərin həyatının böyük hissəsi həm onlayn, həm də oflayn mühitlərdə paralel şəkildə formalaşır. Onların təhsil alması, dostluq münasibətləri qurması və məlumat əldə etməsi getdikcə daha çox rəqəmsal platformaların təsiri altında baş verir.
Bu vəziyyət dünya miqyasında müzakirələrə də səbəb olur. Bir sıra ölkələrdə azyaşlıların sosial media istifadəsinin məhdudlaşdırılması və ya qadağan olunması ilə bağlı çağırışlar güclənir. Səbəb isə uşaqların təhlükəsizliyi, rifahı və zərərli məzmunlarla qarşılaşması ilə bağlı narahatlıqlardır. Mütəxəssislər hesab edirlər ki, uşaqları yalnız risklərdən qorumaq deyil, həm də onların rəqəmsal mühitdə təhlükəsiz, tənqidi və şüurlu şəkildə hərəkət etmələrini təmin etmək vacibdir.
"Azərbaycan müəllimi" xəbər verir ki, bu məqsədlə UNESCO-nun mənzil-qərargahında və onlayn formatda keçirilən tədbirdə təxminən 700 iştirakçının iştirakı ilə “Qapalı dünyada böyümək: Rəqəmsal dövr üçün ailə bələdçisi” adlı yeni qlobal resurs təqdim olunub. İngilis, fransız və ispan dillərində hazırlanan bələdçi UNESCO ilə Fransanın Media və İnformasiya Savadlılığı Mərkəzinin (CLEMI / Réseau Canopé) əməkdaşlığı çərçivəsində hazırlanıb.
Bələdçinin əsas məqsədi valideynlərə, ailələrə və uşaqlara qayğı göstərən şəxslərə media və informasiya savadlılığı bacarıqları qazandırmaq, onların uşaqların rəqəmsal fəaliyyətinə düzgün istiqamət verməsinə kömək etməkdir.
UNESCO bildirir ki, rəqəmsal dünya biliklərə çıxış, ünsiyyət və inkişaf üçün geniş imkanlar yaratsa da, kibertəzyiq, zərərli məzmun, dezinformasiya və nifrət nitqi kimi ciddi riskləri də özündə ehtiva edir.
Təşkilat media və informasiya savadlılığı sahəsində elmi əsaslara söykənən siyasətlərin həyata keçirilməsini təşviq edir. UNESCO-nun 2025-ci il üzrə qlobal sorğusuna əsasən, hazırda 171 ölkədə bu sahə üzrə siyasət çərçivəsi mövcuddur. Bununla belə, həmin ölkələrin yarısından azında media və informasiya savadlılığı məktəb proqramlarına inteqrasiya olunub. Nəticədə çoxlu sayda uşaq bu istiqamətdə sistemli dəstəkdən məhrum qalır və məsuliyyət daha çox ailələrin üzərinə düşür.
Mütəxəssislərin fikrincə, uşaqlar çox vaxt valideynlərlə apardıqları müzakirələr vasitəsilə məlumatları sorğulamağı, müxtəlif baxışları müqayisə etməyi və tənqidi düşünmə bacarıqlarını inkişaf etdirməyi öyrənirlər. Buna görə də valideynlərin də bu sahədə dəstəyə ehtiyacı var.
UNESCO vurğulayır ki, rəqəmsal və siyasi transformasiyalar cəmiyyətin bütün təbəqələrinə təsir göstərir və ailələri informasiya ekosisteminin mərkəzinə çevirir. Tənzimləyici tədbirlər vacib olsa da, uzunmüddətli nəticələr əldə etmək üçün valideynlərin və himayədarların rəqəmsal savadlılıq səviyyəsinin artırılması zəruridir.
Təşkilatın məlumatına görə, süni intellektin informasiya əldə etmək və ünsiyyət qurmaq vasitəsi kimi sürətlə yayılması ailələr qarşısında yeni çağırışlar yaradır. "Reuters" İnstitutunun araşdırmasına əsasən, 18-24 yaş arası gənclərin 15 faizi xəbərlərə çıxış üçün hər həftə süni intellektdən istifadə edir. Yaşı daha böyük istifadəçilər arasında isə bu göstərici cəmi 3 faizdir.
UNESCO bütün maraqlı tərəfləri – tənzimləyici qurumları, media təşkilatlarını və ekspertləri birgə fəaliyyət göstərməyə çağırır. Məqsəd valideynlərin, uşaqların və gənclərin müasir informasiya mühitində tənqidi düşünmə bacarıqları ilə hərəkət etməsinə və rəqəmsal texnologiyalardan təhlükəsiz istifadə etməsinə dəstək verməkdir.
Qeyd edək ki, media və informasiya savadlılığı UNESCO-nun əsas qlobal proqramlarından biridir. Təşkilat bu istiqamətdə həyata keçirdiyi təşəbbüslərlə insanlarda tənqidi düşünmə, rəqəmsal bacarıqlar və informasiya ilə məsuliyyətli davranış vərdişlərinin formalaşdırılmasını hədəfləyir.




