Universitet tələbələri arasında ali riyaziyyat üzrə intellektual yarış keçirilib

11 Oktyabr, 2024 - 13:59

Universitet tələbələri arsında ali riyaziyyat üzrə intellektual yarış keçirilib.

"Azərbaycan müəllimi" xəbər verir ki, ali riyaziyyat sahəsinə marağın artırılması, eyni zamanda intellektual bilik və bacarıqların inkişaf etdirilməsi məqsədi ilə həyata keçirilən yarışda müxtəlif ali təhsil müəssisələrinin 9 komandası iştirak edib. Bakı Dövlət Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Dövlət Gömrük Komitəsinin Akademiyasının tələbələrndən təşkil edilən komandaların hər birində 3 nəfər yarışıb.

Qalib 3 komanda Bakı Mühəndislik Universitetinin tələbələrindən ibarət olub. Fizika-Riyaziyyat elmlər doktoru Aydın Şükürov layihədə iştirak edən qaliblərə mükafatları təqdim edib. 3 komanda sertifikat və medallarla, eyni zamanda ilk 2 komandanın hər bir üzvü hədiyyələrlə təltif edilib. 

Xatırladaq ki, 2 ilə yaxındır fəaliyyət göstərən “PathtoMath” riyaziyyat klubunun təşkil etdiyi yarış ikinci dəfə keçirilir. Klubun üzvü Günel Qarayeva “Azərbaycan müəllimi”nə bildirib ki, tələbələr arasında ali riyaziyyata olan həvəs və marağın artırılması, müzakirə mühitinin formalaşması, komandada işləmə bacarığı və fərqli universitetlərin tələbələri arasında şəbəkələşmənin artırılması məqsədi ilə yaradılan klub ali riyaziyyat üzrə il ərzində 2 dəfə intellektual yarış təşkil edib: “İkinci yarışda tələbələrimizin artan marağı aydın göründü. Birinci yarış mart ayında təşkil edilmişdi. İlk yarışa 17 komanda müraciət etmişdisə, ikinci yarışda 26 komanda yarışmaq istəyini bildirdi. Yer məhdudiyyəti səbəbindən məcburən onlardan yalnız ilk müraciət edən 9 komandanı dəvət etdik”.