Universiteti yenicə bitirdi, ilk cəhdində yüksək bal topladı
Universitet auditoriyasından hələ bir neçə gün əvvəl ayrılıb, diplomunu yenicə əlinə alıb, bəlkə, hələ də “Məzun günü”nün ab-havasındadır, amma müəllimlik yolunda ilk ciddi sınağını da uğurla adlaya bilib.
MİQ-in test imtahanında yüksək nəticə göstərən namizədlərdən biri də bu il Azərbaycan Dövlət Pedaqoji Universitetinin İbtidai təhsil fakültəsinin “İbtidai sinif müəllimliyi” ixtisası üzrə məzun olan Ayla Əliyevadır. O, ilk dəfə qatıldığı MİQ imtahanında 85 bal toplayıb:
“Bu il universiteti bitirmişəm. İlk dəfə MİQ imtahanında iştirak etdim və 85 bal topladım. Məncə, ilk cəhd üçün çox yaxşı nəticədir”, – deyə o bildirir.
Aylanın sözlərinə görə, imtahandan əvvəl kifayət qədər həyəcanlı olsa da, özünə əsas hədəf kimi 70 baldan yuxarı nəticə müəyyənləşdirmişdi.
“Düzünü desəm, çox həyəcanlı idim. Özüm üçün 70-dən yuxarı nəticə hədəfi qoymuşdum. Amma nədənsə 85 bal rəqəmi də gözümün önündən keçirdi. Nəticəni görəndə çox sevindim. Əlbəttə, bir az da yüksək ola bilərdi, amma əsas məqsədimə çatdım”, – deyə gülümsəyərək danışır.
Gənc müəllim namizəd ixtisas suallarını rahat cavablandırdığını, metodika hissəsinin isə daha çox düşündürdüyünü söyləyir.
“İxtisas sualları mənim üçün çox rahat idi. Bir qədər metodika suallarında çətinlik çəkdim. Cavab variantları bir-birinə çox yaxın idi. Hətta iki sualı boş buraxdım. Səhv cavabın düzgün cavabı aparması ehtimalını nəzərə alıb risk etmək istəmədim”, – deyə o söyləyib.
İmtahanın təşkili və yaradılan şəraitdən razı qalan Ayla Əliyeva deyir ki, əsas arzusu tezliklə müəllim kimi fəaliyyətə başlamaqdır: “Bakıda işləmək istəyərəm. Amma əsas odur ki, işə qəbul olum. Harada olsa, işləməyə hazıram. Mən uşaqları çox sevirəm.
Praktika dövründə də uşaqlarla işlədikcə onlara sevgim daha da artdı. Müəllim kimi fəaliyyətə başlamağı səbirsizliklə gözləyirəm”, – deyə o vurğulayır.
MİQ imtahanlarının əhəmiyyətinə toxunan gənc müəllim hesab edir ki, bu proses müəllimlərin bilik və bacarıqlarının obyektiv qiymətləndirilməsi baxımından mühüm rol oynayır:
“Metodika suallarını cavablandırarkən hiss etdim ki, təkcə nəzəri bilik kifayət etmir. Bəzi suallar məntiqi düşünməyi və müəllimlik fəaliyyəti zamanı qazanılan praktik təcrübəni tələb edir. Ona görə də düşünürəm ki, MİQ imtahanlarının keçirilməsi və məzmununun mütəmadi yenilənməsi müsbət haldır. Ümumilikdə isə hər şey şəffaf təşkil olunmuşdu”, – deyə Ayla Əliyeva qeyd edib.




